“Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə artıq 9-cu dəfədir ölkəmizdə beynəlxalq kitab sərgisi təşkil olunur. Sevindirici haldır ki, ildən-ilə həm iştirakçıların, həm də ziyarətçilərin sayı artır”.
Bunu Milli Kitabxananın direktoru Kərim Tahirov AZƏRTAC-a açıqlamasında bildirib.
Sərgini ziyarət edənlərin çox olduğunu söyləyən K.Tahirov bunu Azərbaycanda kitaba və mütaliəyə marağın artması ilə əlaqələndirib.
Onun sözlərinə görə, mədəniyyət nazirliyinin, eləcə də ölkədəki KİV-lərin və televiziyaların bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verir.
“IX Beynəlxalq Kitab Sərgisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ona görə də ekspozisiyaların əksəriyyətində Ulu Öndərin doğum günü, onun yubileyi xüsusi vurğulanır. O cümlədən bizim Milli Kitabxananın da stendi iki hissədən ibarətdir. Bir hissəsi Ulu Öndərin anadan olmasının 100 illiyinə, ikinci hissə isə Milli Kitabxananın 100 illiyinə həsr edilib. Biz Ulu Öndərin yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirmişik. Həmçinin Ulu Öndər haqqında ayrıca kitab – “Ümummilli Lider Heydər Əliyev və Milli Kitabxana” adlı monoqrafiya yazmışam. Eyni zamanda biz Ulu Öndərin 1000 səhifədən çox möhtəşəm, böyük biblioqrafiyasını çap etmişik. Biblioqrafiyanın IX Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatlarının, alimlərin, ziyalıların iştirakı ilə təqdimatı da keçirildi. Milli Kitabxanamız sərgidə Mədəniyyət Nazirliyi ilə birlikdə elmi konfrans da keçirtdi. Həmçinin bir sıra çox tədbirlərimiz nəzərdə tutulur”.
Kərim Tahirov qeyd edib ki, ümumiyyətlə, builki sərgi çox möhtəşəmdir və xüsusilə əlamətdar hadisələrlə, tədbirlərlə yadda qalacaq.
www.RIA24.az