Heydər Əliyev Fondu IX Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Sərgidə Fondun müxtəlif nəşrləri təqdim edilir.
Noyabrın 13-də Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” kitabının təqdimatı keçirilib.
Fond tərəfindən nəşr olunan kitab iki hissədən ibarətdir. Birinci hissədə Uzun Həsənin şəcərəsi, tərcümeyi-halı haqqında məlumat verilir.
Nəşrdə, həmçinin Uzun Həsən, onun oğlu Sultan Yaqubun daxili və xarici siyasəti, XV əsrdə Azərbaycanda və dünyada baş vermiş siyasi proseslər, XIV-XV əsrlərdə Azərbaycana gəlmiş və Ağqoyunlu sarayında olmuş avropalı səyyahlar, Azərbaycanın ilk qadın diplomatı, Uzun Həsənin anası Sara Xatunun fəaliyyəti, Uzun Həsənin həyat yoldaşı Despina Xatunun obrazının Avropa mədəniyyətində tərənnüm olunması haqqında tarixi məlumatlar yer alıb.
Kitabda dünya muzeylərində Ağqoyunlu dövlətinə aid maddi-mədəniyyət nümunələrinin kolleksiyaları haqqında da məlumatlar verilir.
Nəşrin ikinci hissəsi kataloqdur. Burada İstanbul şəhərində yerləşən Hərb Muzeyindəki nadir eksponatların, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Gəncə tarix-diyarşünaslıq muzeyinin, Azərbaycan Milli Kitabxanasının fondlarında saxlanılan və Ağqoyunlu dövrünə aid 50-dən çox eksponat haqqında məlumatlar əldə etmək mümkündür.
Qeyd edək ki, kitab Heydər Əliyev Mərkəzində hazırda davam edən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi çərçivəsində nəşr olunub.
www.RIA24.az