“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi baş tutub.
Oxu.Az xəbər verir ki, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və yüzə yaxın gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı nümayişin keçirilməsində verdiyi dəstəyə görə “Park Cinema” kinoteatrlar şəbəkəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində müxtəlif ali təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı, 10-12 noyabr tarixlərində Quba şəhərində proqram çərçivəsində təşəbbüs qruplarının fəaliyyətinin gücləndirilməsinə yönəlik düşərgə həyata keçirilib ki, növbəti mərhələlərdə təşəbbüs qrupları öz təhsil aldıqları ali təhsil müəssisələrində Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif ideyaların reallaşdırılması istiqamətində çalışacaqlar.
Şahin Rəhmanlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Həmçinin son əsrlər ərzində Qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi erməni dövlət siyasəti səviyyəsində həyata keçirilib. Qərbi azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan Şahin Rəhmanlı bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb.
Daha sonra “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri, “Nəsil ağacı” filminin ssenari müəllifi Ayaz Mirzəyev və filmin prodüseri Elnur Niftəliyev çıxış edərək layihənin hazırlıq prosesindən söhbət açıblar. Bildirilib ki, filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur. Film bir neçə ailənin hekayəsi timsalında Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub. Qeyd olunub ki, filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Natiqlər çıxışlarının sonunda gənclər üçün “Nəsil ağacı” filminin nümayişinə görə “İRƏLİ” İctimai Birliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinə minnətdarlığını bildiriblər.
Tədbirin davamında “Nəsil ağacı” filminin nümayişi keçirilib.
Qeyd edək ki, “Nəsil ağacı” filmi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi Azərbaycanlıların Qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərindən biridir.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.
www.RIA24.az