“Şuşa simpoziumunun ən böyük əhəmiyyəti bu qədim şəhərdə tarixi abidələrin bərpasına töhfə vermək, ideya, fikir mübadiləsi aparmaqdır. Biz bu əsərləri dirçəltməli, əvvəlki görkəminə qaytarmalı, bir sözlə, silinmiş səhifəni yenidən yazmalıyıq”.
Bunu AZƏRTAC-a müsahibəsində Türk dünyası memarlarının Şuşa simpoziumunun iştirakçısı, Türkiyənin Memar Sinan Universitetinin Gözəl sənətlər fakültəsinin dekanı, bərpaçı memar Rümeysa Raqsana Hasanzadə deyib.
Bərpaçı-ekspert 14 ildir ki, Türkiyədə tarixi abidələrin bərpası sahəsində çalışdığını, hazırda bərpa işləri üzrə fəaliyyətini Özbəkistanda davam etdirdiyini diqqətə çatdırıb.
“Tarixi abidələrimizi bərpa etməklə, yaddaşımızı da geri qaytarırıq. Düşünürəm ki, Türk dünyası memarlarının təcrübəsi Şuşadakı tarixi abidələrin irsini qorumaqla, əvvəlki vəziyyətinə qaytarılmasına imkan verəcək”, – deyə Rümeysa Raqsana Hasanzadə bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə erməni vandalizminin təsirinə məruz qalan hər bir abidənin bərpası çətin prosesdir və dəqiqlik tələb edir.
www.RIA24.az