“Yeddi oğul istərəm”də Cəlal, “Dərviş Parisi partladır”da Şahbaz, “Babək”də Tərxan, “Atları yəhərləyin”də Sirac, “Bizim küçənin oğlanları”nda Arif, “Dəli Kür”də Koba, “Torpaq. Dəniz. Od. Səma” da gənc əsgər, “Uşaqlığın son gecəsi”ndə Murad …
Bunlar Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənovun aktyor kimi çəkildiyi filmlərin heç də hamısı deyil. O, nə az, nə çox, 38 filmdə çəkilib, 20-dək filmdə isə rejissor, rejissor köməkçisi və assistent kimi iştirak edib. Bütün bunlar barədə onun haqqında bu yaxınlarda çap edilən “Ənvər Həsənovun xatirələri” kitabında dolğun məlumatlar var.
Lakin AZƏRTAC əməkdaşlarının onun Şüvəlanda dəniz küləklərinin at oynatdığı mənzilinin qapısını döyməsinə səbəb təkcə bunlar deyil, aktyorun maraq dünyası, indiyədək yığıb topladığı şəxsi əşyalar kolleksiyasıdır.
Lampa lampaya bənzəmir…
– Lap uşaq yaşlarımdan kolleksiya toplamışam. Əvvəllər dəmir pullar, poçt markaları toplayırdım. Sonra lampalara marağım yarandı. Bir dəfə Türkiyəyə çəkilişə getmişdik, orda bir lampa ürəyimə yatdı. Alıb gətirdim, sonra birini İranda bəyəndim, birini Hindistanda… – deyə Ənvər müəllim kolleksiyaya olan marağının yaranmasını bölüşür.
Onun “saxlancında” hər zövqdə lampalara rast gəlmək mümkündür. Birləşmiş Ərəb Əmirliklərindən dəniz lampası, Almaniyadan əl fənəri və digər ölkələrdən də lampalar alıb. Onların arasında hətta tarixi XIX əsrin axırlarına gedib çıxan lampa var. Hər birinin öz özəlliyi olan 47 lampa…. Maraqlıdır ki, hamısı da işlək vəziyyətdədir. Ən kiçiyinin plitəsinin ölçüsü 1-lik, 3-lük, ən böyüyününkü 35-lik olan lampalar…
“Bir dəfə Sankt-Peterburqda olanda əntiq əşyalar həvəskarları lampa kolleksiyamın fotosuna baxıb 40 min manat pul təklif etdilər, lakin satmadım. Başqa cür çıxmasın, bu lampalardan eləsi var, bəlkə heç muzeylərdə də ona rast gəlməzsən”, – deyə aktyor bildirir.
Hər çeşiddə təsbeh
İslam aləmində zikr əşyası sayılan müxtəlif təsbehlər də Ənvər müəllimin kolleksiyaları arasındadır. Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın doğsan doqquz adının rəmzi kimi qəbul edilir. Ümumiyyətlə isə müsəlmanlar arasında iki təsbeh növü yayılıb-biri ənənəvi formaya malik sapa düzülmüş muncuq halqadan, digəri isə yastı düzbucaqlı dənələrdən yığılmış, iki başlıqlı aşırma təsbehlərdən ibarətdir. Şüşə vitrində onların hər birindən var, özü də istənilən zövqdə. Onlardan ən bahalısını Dubaydan 600 manata alıb, təmiz gümüşdəndir.
“Bu təsbehi gərək həmişə əlində oynadasan, işlətməyəndə dənələri qaralmağa başlayır. Qaralanda onu ağartmaq üçün içərisində kola içkisi olan qaba qoyub bir neçə saat saxlamaq lazımdır”, – deyə gümüş təsbehi parıldatmağın yolunu da söyləyir..
Təsbehlər müxtəlif uzunluqda və müxtəlif çəkidədir. Uzunluğu bir neçə santimetr olanı da var, metrdən uzun olanı da. Bir neçə qramı olanı da var, çəkisi 4-5 kiloqrama çatanı da… Təsbehlərin eləsi var ki, yeddi, eləsi var doqquz, eləsi var 11, eləsi də var ki, 33 daşdan ibarətdir. Onun dediyinə görə, təsbehin ən çoxu 101 daşı olmalıdır. Haradasa 1700-ə yaxın təsbehi olub, bir çoxunu da özü düzəldib. Dənələri firuzədən, yaqutdan, yantardan, tutmuş plastmasa qədər nədən istəsən, təsbehlər göz oxşayır.
Bıçaqdan xəncərədək
Ənvər müəllimin şəxsi kolleksiyasında olan əşyalar arasında bıçaqlar da maraq doğurur. Sapı, tiyəsi müxtəlif əşyalardan olan 82 bıçaqdan indi cəmi 20-si qalıb. Eləsi var kiməsə bağışlayıb, eləsi olub pay verib.
Tiyəsi ovxarlı bıçaqlar, xüsusilə qədim və orta əsrləri xatırladan xəncərlər maraq doğurur. Ovçuluğu çox sevdiyindən kolleksiyasında xeyli ov bıçağı da var.
Xalq artisti deyir: “Babək” filmində Tərxan rolunda oynayarkən kolleksiyamda olan xəncərdən istifadə olunub. Bundan başqa “Cavad xan” filmində çəkilişində də bıçaqlar kara gəlib, filmdə Səlimin əlindəki bıçaq mənim kolleksiyamda topladıqlarımdandır. Topladığım təsbehlərdən də filmlərin çəkilişində istifadə olunub”.
Kitablar: dedektiv də var, bədii ədəbiyyat da…
Ənvər Həsənovun şəxsi kolleksiyasındakı kitablar da maraq doğurur. O, mütaliənin böyük həvəskarıdır. Şəxsi kitabxanasına ən müxtəlif yollarla çoxlu kitablar toplayıb. Həmin kitabların demək olar ki, hamısını oxuyub. Daha çox məşhur, şöhrətli adamların taleyi haqqında oxumağı sevir. Ən çox yadında qalan vaxtilə “Favorit” kitabı olub. Rus kraliçası Yekaterinanın şəxsi həyatından bəhs edən həmin kitabı vaxtilə Sankt-Peterbuqdan alıb. Daha çox dedektiv ədəbiyyatdan bəhs edən kitabları sevir. Şəxsi kitabxanada dünya və rus klassiklərinin əsərləri, kinofilmlər barədə kitablar da çoxdur.
“Təxminən 1500-ə qədər kitabım var idi, çoxu da nadir kitablar idi. Kim istəyibsə oxumağa vermişəm, bəzilərini bağışlamışam. Təxminən 400 nüsxəyə qədərini bir neçə il əvvəl Ağdamlı dostum kitab həvəskarı Əlizaminə bağışladım”, – deyə Xalq artisti məlumat verir.
Evin divarları boyu aktyorun portretləri, çəkildiyi filmlərdən şəkillərlə yanaşı, müxtəlif ölçülü təsbeh və xəncərlər də göz oxşayır.
… Ənvər müəllim düyməni basıb televizoru işə salır. Tanış mahnı sədaları ətrafa yayılır:
Hər şey gözəldir həyatda
Özün bir zərrə gözəllik yarada bilsən…
Doğrudan da belədir. Gözəl olmayan heç nə yoxdur. Baxır sənin ona hansı gözlə baxmağına…
www.RIA24.az