“Qazaxıstanla Azərbaycan arasında münasibətlərin dinamikası çox yaxşıdır. Ölkələr siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, müdafiə sahələrində əməkdaşlıq edirlər. Eyni zamanda, iki xalq arasında mədəni-humanitar əlaqələr də xüsusi yer tutur”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, Qazaxıstanın Mədəniyyət Günləri Azərbaycanda yüksək səviyyədə keçirilir.
“Bu gün yekun qala-konsertdə Milli Məclisin sədri, nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, diplomatlar, ictimaiyyət və mədəniyyət xadimləri iştirak edəcəklər”, – deyə səfir qeyd edib.
A.Bayel Mədəniyyət Günlərinin təşkilinə görə Azərbaycan və Qazaxıstanın mədəniyyət nazirlərinə təşəkkür edib və iki ölkənin mənafeyi naminə fəaliyyət göstərməyə hazır olduğunu bəyan edib.
www.RIA24.az