İtaliyanın Azərbaycandakı səfiri: “Viza sənədləşməsi aparılan pəncərələrin sayı 14-ə çatdırılıb” – MÜSAHİBƏ

Mədəniyyət


“İtaliyaya viza məsələsində sadələşdirmə tətbiq edilir. Lakin diqqətinizə çatdırım ki birbaşa İtaliyaya viza anlayışı yoxdur, şengen vizası anlayışı var”.

Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Oxu.Az-a müsahibəsində deyib.

– Bu gün İtaliya və Azərbaycan arasında ticarət əlaqələri hansı səviyyədədir?

-İtaliya-Azərbaycan arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu artıq ənənədir, deyə bilərəm. Azərbaycan İtaliya üçün mühüm əhəmiyyətli və strateji ölkədir. Çünki Azərbaycan İtaliyanın enerji təminatında çox yaxından iştirak edir. Biz isə bu dəstəyin qarşılığında əlimizdən gəldiyi qədər, texnologiya cəhətdən Azərbaycana dəstək oluruq. Bunun arxasında isə iki ölkə arasındakı illərə dayanan dostluq münasibətləri dayanır.

– İtaliya səfirliyinə viza ilə müraciət edən vətəndaşlar çətinlik çəkdiklərini deyirlər. Bu çətinlik nədən qaynaqlanır?

– Bu məsələ barədə tez-tez sual verilir. Amma mən aydınlıq gətirim ki, İtaliyanın öz viza sistemi yoxdur. Şengen vizası deyilən bir anlayış var. Bu vizanın əldə edilməsi üçün normaları isə İtaliya Respublikası hazırlamır. Bu qaydalar Avropa Birliyi, şengen ölkələri tərəfindən hazırlanır. Hər kəs də birmənalı olaraq bu prosedurlara riayət etməlidir. Lakin təkcə İtaliyanın özünün milli viza sistemi mövcuddur. Bunun da bizim ölkəmiz üçün müəyyən bir əhəmiyyəti var.

– Bəs vizanın verilməsində hər hansı sadələşdirmənin tətbiq edilməsi gözlənilirmi?

– Biz bu istiqamətdə özümüzdən asılı olan bir sıra addımlar atmışıq. Sadələşdirmə məqsədilə hazırda fəaliyyət göstərən viza mərkəzini açdıq. Artıq bu mərkəzə kifayət qədər müraciətlər daxil olur. Bu addım müraciətlərin daha rahat qəbuluna gətirib çıxardı. Vətəndaşların səfirliyə deyil, birbaşa viza mərkəzinə yönəlməsi və oradakı əməkdaşların köməyi ilə prosedur qaydalarını tamamlaması sadələşmənin bir növüdür. Yenə də deyirəm ki, viza ilə bağlı standart qaydalar, prosedurlar var. İşlər bu qaydalar, tələb edilən müvafiq sənədlər çərçivəsində aparılır.

– Bəs qeyd etdiyiniz viza mərkəzinə gün ərzində nə qədər müraciətlər daxil olur?

– Səfirlikdə viza müraciətləri qəbul olunanda cəmi üç pəncərə fəaliyyət göstərirdi. Amma sadələşdirmələr nəticəsində bu pəncərələrin sayını 14-ə qaldırıldı. Bu da müraciətlərin sayını artırır. Biz gün ərzində 100 müraciət qəbul edirik. Düşünürəm ki, bu, vətəndaşların işlərini xeyli sadələşdirir. Vətəndaşlara tövsiyə edirik ki, viza ilə bağlı müraciət edən zaman lazım olan sənədlərin siyahısını səfirliyin rəsmi saytı ilə eyniləşdirib, dəqiqləşdirsinlər. Sənədlər yarımçıq gələn zaman vətəndaş üçün də, əməkdaşlar üçün də əlavə vaxt itkisi olur. Nəticədə viza almaq istəyən şəxsin də işləri çətinləşir. Bu gün Bakı-Roma aviareysinə minsəniz görərsiniz ki, təyyarə doludur. Bu da o deməkdir ki, insanlar viza ala bilirlər. Sizə xarici ölkələrin vətəndaşlarının Azərbaycana gəlib ölkənizin tarixini, adətlərini, mədəniyyətini tanıması, tanıtması necə xoşdursa, İtaliya üçün də xoşdur ki, turistlər ölkəyə gəlsin və mədəniyyətimizi, mətbəximizi təbliğ etsinlər.

– Bu gün İtaliya mətbəxinə həsr edilən tədbirin əvvəlki illərdən fərqi nədir?

– İtaliya Mətbəx Həftəsi hər il keçirilir. Bu üçüncü tədbirimizdir. Daha əvvəl İtaliyanın şimalını, mərkəzini bu gün isə cənubunu təmsil edən aşpazlar sizə master-klas göstərəcəklər. Qeyd edək ki, aşpazımızın iki mişlen ulduzu var. Fərq isə bugünkü tədbirdə hazırlanan yeməklərin İtaliyanın Siciliya əyalətinin mətbəxinə həsr edilməsidir. İtaliyanın cənubunda bişirilən yeməklər Azərbaycan mətbəxinə həddən çox yaxındır. Bizim üçün masa arxasında əyləşmək təkcə yemək üçün deyil. Biz masa arxasında yeməklər vasitəsilə mədəniyyətimizi ötürürük. İnsanlar masa arxasında sosiallaşır, informasiya mübadiləsi apara bilirlər. Süfrə mədəniyyəti bizim üçün önəmli nüansdır. Düşünürəm ki, Azərbaycanda da bu belədir.

Könül Cəfərli

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir