Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Qərbi Azərbaycandan olan rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub.
“Report” xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.
Sərgidə Azərbaycan xalq rəssamları Hüseyn Əliyev, Kamil Əliyev, Arif Qazıyev, Əməkdar rəssam Rza Avşarov, Əməkdar rəssam İsa Məmmədov, Nağdəli Xəlilov, Sabir Hüseynov, Saleh Məmmədov, Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil Əhmədova, Əli İsmayıl və başqaları olmaqla 25 müəllifin 40-dək rəngkarlıq və rəsm əsərləri nümayiş olunur.
Açılış mərasimində Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərli bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və bərpası məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı tarixi və siyasi hadisələr olmaqla yanaşı, eyni zamanda yaradıcı insanlar və rəssamlar üçün də bir ilham qaynağı, yaradcılıq mövzusudur.
İcma sədri əlavə edib ki, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən sərgidə nümayiş olunan əsərlərdə vətənə məhəbbət əsas mövzudur:
“Sərgidə nümayiş olunan əsərlər mövzu etibarı ilə Vətənin gözəlliyini, tarixi abidələrini, insanların mənəvi saflığını özündə əks etdirir. Qərbi Azərbaycan məsələsi bu gün ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Bu, eyni zamanda Qərbi Azərbaycandan son iki yüz ildə deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanıdılması və qayıdış hüququnun təminatı ilə şərtlənən vacib siyasi qərardır.
Azərbaycan xalqının ulu əcdadları tarixən yaşadıqları coğrafiyalarda zəngin mədəni irs qoyub. Ölkəmizin ali rəhbərliyi, xüsusən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu zəngin mədəni irsin qorunması və inkişafına, tədqiq və təbliğinə böyük diqqət yetirir”.
www.RIA24.az