Bu gün Azərbaycan Respublikasının Xalq artisti, məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, Ə.Mustafazadə 1969-cu ildə Bakı şəhərində anadan olub.
Onun atası Vaqif Mustafazadə, anası isə Eliza Mustafazadədir. Vaqif Əzizənin bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir.
Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir:
“Bir dəfə atam pianoda insanda çox dərin və kədərli hisslər oyadan “Şur” muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir, “Vaqif, bir zəhmət, “Rast”a keç. “Rast”ı çal”. O da çalmağa başlayıb. “Rast” isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs edər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, “Bax, bax, gör o neyləyir!? Yenə “Şur”u çal!” Atam “Şur”u çalmağa başlayanda bu dəfə daha da bərkdən ağlamışam. Yenidən “Rast” çalınanda mən də təzədən rəqs eləməyə başlamışam. Ən azından, bu onların mənə söylədikləridir”.
Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərib, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxıb. Sonralar o, improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirib. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərib.
Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına üç gün qalmış 39 yaşlı atası Daşkənddə ürək çatışmazlığından vəfat edib.
Atasını çox sevən Əzizənin bu böyük itkisini ovutmaq üçün anası öz müğənnilik karyerasını buraxıb və qızının yüksək istedadının inkişafına da köməkçi olub.
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik qazanmasında onun caz-muğam musiqisi çox böyük rol oynayıb. Elə həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb.
Əzizə ilk albomunu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxarıb. İkinci albomu “Always” ona Almaniyanın yüksək musiqi mükafatı sayılan Səs Akademiyası mükafatını və “Soni”nin “Əks-səda” mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə “Contrasts II” albomunu çıxarıb. Uzun fasilədən sonra, 1 iyul 2020-ci ildə “Generations” albomunu təqdim edib.
Əzizə Mustafazadə 2018-ci il mayın 27-də “Azərbaycanın Xalq artisti” fəxri adına layiq görülüb.
Hazırda Əzizə Mustafazadə Almaniyada yaşayır.
Ə.Mustafazadə 2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın paytaxtında konsert verib.
www.RIA24.az