Naxçıvan abidələrinin bərpasında nöqsanlara yol verilib – FOTO

Mədəniyyət


Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda tarixi abidələrin bərpası, onların beynəlxalq səviyyədə qorunması məqsədilə YUNESKO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, dekabrın 22-də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türkiyə Respublikasından olan memarlar Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinə baxış keçiriblər.

Qonaqlar Naxçıvan şəhərində İsmayıl xan hamamı, Xan sarayı, Möminə xatın, Yusif Küseyiroğlu türbələrinin, eləcə də qədim yaşayış evlərinin tarixi-memarlıq quruluşu, tikilmə texnikası, bərpa perspektivləri ilə maraqlanıblar.

Memar Sinan İncəsənət Universitetinin professoru, memar Oğuz Ceylan Naxçıvan abidələrinin bərpasında yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması yolları, yenidən restavrasiyası istiqamətində görüləcək işlər barədə jurnalistlərə müsahibə verib.

Memar Oğuz Ceylan bildirib ki, bu ərazidə XII, XIII, XIV yüzillikdən qalma çox qiymətli əsərlər vardır. Müəyyən vaxtlarda bu abidələrdə restavrasiya aparılıb. Möminə xatın türbəsinin bərpasında sementdən istifadə olunduğuna görə zirzəmidən gələn nəm, kondensasiya problemi vardır. Abidədə mərkəzdənqaçma da müşahidə olunur, türbə bir tərəfə doğru əyilib.

Əvvəlki formasına qaytarmaq mümkün olmasa da, qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün torpağı təmizlənməli, sement qatı tamamilə aradan qaldırılmalıdır. Biz ilkin olaraq binanın çevrəsinin açılmasını məsləhət gördük. Gələn ilin yaz aylarına qədər bu formada qalacaq, yazdan sonra təkrar drenajlar hazırlanaraq həmin boşluqlar örtüləcək. Ən əsas məsələ sement qatının ümumiyyətlə götürülməsidir. Çünki bu sulfatın əmələ gəlməsinə səbəb olur. Daha sonra asistik mühit yaranır. Beləliklə, tuğla və daşlar sementin formalaşmasından zərər görməyə başlayır. Biz restavrasiya prosesində heç vaxt sementdən istifadə etmir və edilən yerləri də dərhal təmizlədirik.

Oğuz Ceylan əlavə edib ki, restavrasiya olunan zaman öncə qədim arxiv materialları araşdırılmalı, tarixi sənədlər toplanılmalıdır. Ən önəmlisi də abidənin qədim şəkilləri tapılmalıdır. Restavrasiya sırasında biz bu fotolara baxaraq üç layihə hazırlayırıq. Bunlardan birincisi, mövcud vəziyyətin, ikincisi, tarixi binanın ilk dönəminin rəsminin çəkilməsidir. Üçüncüsü isə, həmin abidəni günümüzdə necə istifadə edəcəyimizi, yəni restavrasiyasını müəyyən edirik. Bu üç layihə hazırlandıqdan sonra restavrasiya prosesinə başlayırıq. Bərpa zamanı isə əvvəlcə istifadə olunacaq ləvazimatların analizi aparılır. Hazırda Şəki yolu üzərində yerləşən Diribaba türbəsi və Şəki Xan Sarayının divarlarının ləvazimat analizləri bizim universitetdə aparılır. Laboratoriya bizim hansı bərpa ləvazimatlarından istifadə edəcəyimizi müəyyən edir. Və bir daha vurğulamalıyam ki, bu prosesdə sementdən istifadə qəti şəkildə yolverilməzdir.

Qeyd edək ki, dekabrın 23-də memar və mütəxəssislər Culfa və Ordubad rayonları ərazisində yerləşən tarixi abidələrə də baxış keçirəcəklər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir