Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, – qurumdan bildirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi.
Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alıb.
M.Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs alıb. O, daha sonra Dağıstanın paytaxtı Mahaçqala və Rusiyanın paytaxtı Moskvada işləyib.
www.RIA24.az