Azərbaycan muğamları və xalq mahnıları Türkiyənin TRT radiosunda səsləndiriləcək.
Bu barədə “Report”un Ankara bürosuna layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər bildirib.
Onun sözlərinə görə, 2018-23-cu illərdə Türkiyə telekanallarında Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən “Azərbaycan Rüzgarı” proqramı bu dəfə radio vasitəsilə yayımlanacaq.
Müəllif layihəsinin yeni formatda Türkiyənin “TRT TÜRKÜ” radiosunda hər həftənin bazar günləri səslənəcəyini qeyd edib:
“Azərbaycan mədəniyyəti, incəsənəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Biz də dünyanın dörd bir tərəfində yüksək nüfuza sahib olan qardaş Türkiyənin həm coğrafi, həm siyasi, həm də can Azərbaycana olan səmimi, dost mövqeyinə görə bu fürsəti qaçırmamağa qərar verdik. Xüsusilə musiqilərimiz, muğam və xalq mahnılarımız Türkiyədə həddən artıq sevildiyinə görə bu sahənin təbliğinə üstünlük vermək istədik”.
Əlavə edib ki, layihə TRT rəhbərliyinə təqdim edilib və bəyənilib:
“Ona görə biz də Azərbaycanın ustad xanəndələrinin və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verən, yaddaqalan, zövq oxşayan, ruhları təzələyən mahnılarımızı seçib, səsləndirəcəyik. Təbii ki, “Azərbaycan Rüzgarı” proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik”.
Proqram çərçivəsində Azərbaycan şairlərinin şeirləri ifa olunacaq, dəyərli ədiblərin, fikir adamlarının fikirləri yeri gəldikcə səsləndiriləcək, tarixi günlərimiz anılacaq:
“Odur ki, hər həftənin bazar günü Türkiyə vaxtı ilə saat 23.30-da hər kəsi “TRT TÜRKÜ” radiosunu dinləməyə dəvət edirəm. Proqrama yanvarın 7-dən start veriləcək”.
www.RIA24.az