Aynur Zurufçu: “Yaqub Zurufçunun həyat yoldaşı olmaq asan deyildi” – FOTO

Mədəniyyət


“Mən Yaqub bəyi çox sevmişəm. Ona vəfa borcum var. Biri var şəxsiyyətin özünü sevəsən, biri də var o sevginin özünü də sevəsən. Yaqub bəyə vurğunam. Bu sözləri hər zaman deyirəm ki, onu sevmək qəhrəmanlıq deyil, o elə sevilməli şəxsiyyətdir. Tanıdınsa mütləq sevəcəksən. Şərəf duyuram ki, onun xanımıyam”.
 
Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib. O daha sonra əlavə edib.

“Yaqub bəylə daha öncə birlikdə çalışdığımıza görə bir-birimizin xasiyyətini bilirdik. Televiziyada tanış olmuşduq. Evlilik öncəsi bütün ailələrdə anlaşılmazlıq, problemlər olur, amma bizdə bunlar yaşanmadı. Çünki 4-5 il bərabər işləmişdik. Bilirdim ki, nəyi sevir, nəyi sevmir?! Çox həlim, mülayim insan olmasına rəğmən kaprizləri də var idi. O kaprizlərə də tab gətirmək lazım idi. Yaqub Zurufçunun həyat yoldaşı olmaq da asan deyildi. Düzdür, mənə kapriz etməyib, amma iş barəsində kaprizləri var idi” deyə sənətkarın xanımı bildirib.

Aynur xanım bildirib ki, Yaqub Zurufçu heç bir dəstək olmadan dünyanın dörd bir tərəfində musiqimizi təbliğ edib.
 
“Yaqub bəy bir çox ölkələrdə yaşayıb-yaratmasına baxmayaraq Azərbaycan adı onun dilindən düşməyib. Hamı çox gözəl bilir ki, o Azərbaycan musiqisini dünyada layiqincə təmsil edən şəxsiyyətlərdən biri olub. Bu gün bir çox sənətkarlar dövlətimizi, musiqimizi, mədəniyyətimizi bir çox dəstəklər hesabına təmsil edirlər, amma Yaqub bəyin zamanında bu dəstəklər yox idi. Özü də hər zaman vurğulayırdı ki, “mən bu işləri tək, boş əllə görürəm”. 
 
Həyat yoldaşının yoxluğu ilə hələ də qəbullanmayan Aynur Zurufçu təkliyini bu sözlərlə ifadə edib.
 
“Reallıqla bəzən barışmaq istəmirsən. Arxaya çönüb baxırsan ki, bir övladın var, Yaqub Zurufçu irsi var, bu zaman ayaqda durmaq məcburiyyətində olursan. Bu gün də onsuz yaşamaq mənə çətindir. Təsəllim Atilladır. Bəzən Yaqub bəylə bu haqda söhbətlərimiz olurdu, o mənə deyirdi ki, “sən dözümlüsən, bilirəm ki, sən mənsiz də davam edəcəksən”. Mən bu həyatı yaşamağa, bu cür davam etməyə məcburam. Atillada çalışıram ki, o işıqı tapa bilim. Zənn edim ki, sanki Yaqub Zurufçu qarşımdadır. Halbuki Yaqub bəy unikal bir şəxsiyyətdir. Mən onun övladlarını belə özünə bənzətmirəm” deyə sənətkarın xanımı bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir