Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə yardımı ayıracaq – FOTO

Mədəniyyət


Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

APA xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əl Vadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.

İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Səudiyyə Ərəbistanının Azərbaycanda minatəmizləmə fəaliyyətləri üçün maliyyə töhfəsinə görə Abdullah Məhəmməd Əl Vadeyiyə təşəkkür edib. Görüşdə qonağa ölkəmizin üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Abdullah Məhəmməd Əl Vadeyi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dost və qardaş münasibətlərdən məmnunluq ifadə edərək, ölkəsinin humanitar minatəmizləmə məsələsində Azərbaycanın yanında olduğunu və ölkəmizi dəstəklədiyini vurğulayıb.

Tədbir zamanı qonaqlar azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış mina və digər partlayıcı sursat nümunələrinin maketlərinin, minaaxtaranın alət və avadanlığının və fərdi qoruyucu geyimlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir