Nyu-Yorkda Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları nümayiş olunub – FOTO

Mədəniyyət


ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Azərbaycan Xalça Ehtişamı: Antik Toxuculuqda Səfəvi Xəzinələri” adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub.

Gecədə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri və yerli ictimaiyyətin nümayəndələri və ABŞ-nin məşhur xalça kolleksionerləri iştirak ediblər.

USACC-nin icraçı direktoru Natiq Baxışov bildirib ki, sərgidə Səfəvilər dövlətinin hökmdarı Şah Abbasın sifarişi ilə hazırlanmış və günümüzə qədər qorunub saxlanan 13 ədəd nadir xalça nümayiş olunur. O deyib ki, sərgidə nümayiş olunan 17, 18, 19-cu əsrlərə məxsus saray xalçaları ABŞ-nin Boston ştatında yaşayan və əslən Cənubi Azərbaycandan olan Əmir Üskülünün şəxsi kolleksiyasındandır. N.Baxışov sərgidə Təbriz və Qarabağ xalçaları ilə yanaşı, miniatür xalçaların da nümayiş olunduğunu deyib:

“Azərbaycanın zəngin irsinin dünyada tanıdılması adına paytaxt Vaşinqtonda və Nyu-Yorkda ənənəvi xalça sərgiləri keçiririk. Bu gün də sərgiyə maraq olduqca böyükdür və bu bizi çox sevindirir”.

Səfir Xəzər İbrahim çıxışında bildirib ki, Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir. O, uzaq ABŞ-də Azərbaycanın xalçaçılıq irsinin nəfəsini özü ilə günümüzə gətirən xalçalarımızın dünyaca məşhur kolleksionerlərə təqdim olunmasının zəruriliyindən danışıb. X.İbrahim Azərbaycan xalçalarına yerli sakinlərin böyük maraq göstərdiyini və bundan sonra da əsrlər boyu bu ənənənin qorunub saxlanılması, təbliğ olunması üçün bütün imkanların səfərbər olunacağını deyib.

Xalçaların sahibi, azərbaycanlı xalça kolleksioneri Əmir Üskülü xalçaların bir çoxunun atasının kolleksiyasından olduğunu deyib. O, sərgidə nümayiş olunan miniatür Qarabağ xalçalarından birini Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgürə hədiyyə edib. Ə.Üskülü Azərbaycan irsinin təbliğində ev sahibliyinə görə “Türk Evi”nə təşəkkür edib.

Gecədə “Dressden” simfonik orkestrinin solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəb Hüseyn Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Daha sonra qonaqlar sərgini gəzib, xalçalar barədə ətraflı məlumat alıblar.

ABŞ-li qonaqlar gözoxşayan Azərbaycan xalçalarının fonunda şəkil çəkdiriblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir