Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar – FOTO

Mədəniyyət


Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan “Azərbaycan təranələri” səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bir dərdin ah-fəğanı olan həzin və son dərəcə kövrək musiqilər çalınır. Bir sözlə, göz önündə böyük bir sənətkar – “milli qoboy ifaçısı” canlanır…

Bəziləri elə bilirlər ki, qoboy tütəkdir, əlinə götürən kimi çalacaqlar. Qoboyda o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti ilə tapmaq olar. Gərək minqat zəhmət çəkəsən ki, Kamil Cəlilov olasan.

Publika.az xəbər verir ki, bu gün mərhum Xalq artisti Kamil Cəlilovun 86 yaşı tamam olur.

Sənətinə dəlicəsinə bağlı olan Kamil Cəlilov müsahibələrinin birində belə deyib:

“Bir gün qoboy çalmasam, ölərəm. Çörək yeməsəm, ondan yaxşıdır”.

O, özgə aləti doğma dildə dilləndirməyi bacaran ustaddır. Bu barədəki fikirləri maraqlı olduğu qədər də səmimidir:

“Qoboy çox çətin və şıltaq alətdir. Onda istədiyim səsi almaq üçün bəzi dəyişikliklər etmişəm. Muğamlarda gəzişmələr etmək üçün bəzi əlavələr lazım gəlib. Muğam çalanda xanəndələrimizin vurduğu zəngulələrdən istifadə etmişəm. Qoboyçalan çoxdur. Amma qoboyda muğamı ilk dəfə mən ifa etmişəm. Qoboyun müştüyünü özüm düzəldirəm. Bəzən bir müştüyü düzəltməyə iki-üç ay vaxt lazım gəlir”.

Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib Kamil Cəlilov… 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil İkinci Dünya müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacısını itirib. Onun ölümünü heç vaxt unuda bilməyib. Bacısından sonra anasını da çox tez itirib. Bəlkə, elə ona görədir ki, o, qoboyda ifa edərkən hisslərini, yaşadığı ağrı-acıları musiqinin dili ilə izah etməyə çalışıb və bu onda çox yaxşı alınıb… Atası əvvəllər Kamilin qoboyda ifasına qarşı çıxsa da, sonradan ondakı bu həvəsin, sevginin qarşısında gücsüz qalıb.

Kamil Cəlilov həmin illəri belə xatırlayırdı:

“Yeni ifa etməyə başladığım vaxtlarda atam qoboyumu sındırıb, məni döydü, sonra zirzəmiyə saldı. Atam əlil olduğuna görə ifam onun əsəblərinə toxunurdu. Hətta zirzəmidə özümə şərait yaradıb orada qoboy çalırdım. Bu çətinliklərimi görən anam məni oradan xilas etdi”.

Kamil Cəlilov Əhməd Bakıxanovun ansamblında qoşanağarada ifa edir, eyni zamanda, qoboy dərslərinə gedirdi. Bir gün Əhməd müəllim onu yanına çağırır və deyir ki, eşitmişəm, qoboy da çalırsan. Gənc Kamil “Bayatı-kürd”ü ifa edir və Əhməd müəllim ona heyran qalır. Bundan sonra studiyaya gedirlər. Beləliklə, Kamil Cəlilovun ilk lent yazısı qeydə alınır. Qoboy alətini muğam janrına gətirən ilk sənətkar da məhz Kamil Cəlilov olub. Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısı olub.

1977-ci ildə onun balabanda ifa etdiyi “Çahargah ahəngi” kompozisiyası “Voyager” qızıl plastinkasına daxil edilib. Elə həmin il NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən bu qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı kompozisiya səmanın ənginliklərinə doğru yol alıb.

Kamil Cəlilov həm böyük sənət ustadı, həm də geniş qəlbə malik, həssas ürək sahibi idi. Uşaq qəlbli böyük idi. Maestro Niyazi onun haqqında hər zaman belə deyərmiş: “Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə, elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib”.

Muğam və segahın özünəməxsus ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova isə Kamil Cəlilova belə vəsiyyət etmişdi:

“Mən öləndə tabutum önündə bir segah çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan”.

Şəhid analarının fəryadını, göz yaşlarını, şikayətini ondan yaxşı tərənnüm edən yox idi. Qoboyunun dili ilə bütün dünyaya o dövrün faciəsini elə olduğu kimi çatdıra bilirdi sənətkar. Özü müsahibələrinin birində belə deyib:

“Zəminxarə”ni, “Segahı” mən çoxdan ifa etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvar, Xocalı faciələri anılanda radiolarda, telekanallarda, Şəhidlər xiyabanında mənim musiqilərim səslənir. “Zəminxarə”mə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində mənə o qədər zənglər olurdu ki… İnsanlar öz razılığını bildirirdilər. Deyirdilər, qoboy şəhid analarının ürəyinə su səpir. O anaların harayını, şikayətini qoboy vasitəsilə bütün dünyaya çatdırmışam…”

Kamil Cəlilov, sadəcə, qoboyda ifa etmirdi… Gözlərini yumaraq öz qoboyu ilə birlikdə məhz oxuyurdu və bu ifanın digər ifalardan fərqi ondadır ki, burada sözlər deyilmir: dinləyəni varlığından alan çox möcüzəli bir səs insanı çox mətləblərdən hali edir…

Kamil Cəlilov 2022-ci il fevralın 23-də, 84 yaşında dünyasını dəyişib. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qoboyu milliləşdirib. O, sevincli günlərimizdə qoboyu ilə bizi sevindirib, kədərli anlarımızda yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb…

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir