“İndiki aşıqların çoxu ədəbiyyatı yaxşı bilir, amma musiqidən heç anlayışları yoxdur. İfa etdikləri sazı qoysan qabaqlarına, desən ki, bunun haqqında danış, susarlar. Çünki musiqi təhsili almayıblar, bilmirlər ki, ifa etdikləri sazın pərdə düzümü və ya kökləri hansı interval əsasında düzülüb və bu musiqi aləti necə köklənir….”
Bunu Oxu.Az-a müsahibəsində “Dalğa” qrupunun və “Rövşən” musiqi məktəbinin yaradıcısı, məşhur aşıq Çingiz Mehdipur deyib. Onunla müsahibəni təqdim edirik:
– İlk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq kimi tanınırsınız. İlk olmaq, adətən, çətindir. Bu çətinliyə niyə qatlaşdınız?
– Saz ifaçılığını öz əmim, ustad aşıq Eynulladan öyrənmişəm, ikinci ustadım rəhmətlik aşıq Hüseyn Əsadi olub. Güneydə iki-üç yaxşı ifaçıdan biri də mən idim. Ancaq öyrəndiyim zaman çəkdiyim çətinlikləri, tədrisdə fərqləri ki görmüşdüm, onu asanlaşdırmaq istəyirdim. Həm də düşünürdüm ki, aşıq musiqisində ifalar bir az musiqi prinsipindən uzaqlaşır. Misal üçün, ifa zamanı ölçü (ritm) kimi bir sıra musiqi qaydalarına diqqət olunmur. Həmçinin, başqa millətlər də bizim musiqimizlə tanış olsunlar deyə Tehranda not öyrənmək istədim. Bizim zamanda, islam inqilabı olandan sonra, çox təəssüf ki, musiqi haram sayıldı və universitetləri, kollecləri (orada “hünəristane musiqi” deyirdilər) bağladılar. Ancaq özəl məktəblər qalırdı.
Dostumun məsləhəti ilə “Çəng” adlı özəl musiqi məktəbində nəzəriyyəni öyrəndim. Neçə il sonra başqa bir musiqi məktəbində də təhsil aldım. Altı-yeddi il sonra Tehrandan köçdüm Təbrizə. Orada musiqi ustadı Yahya İsmayılzadə ilə Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” kitabını oxuduq.
Mən Təbrizə gələndən sonra orada rəhmətlik Əli Səliminin musiqi məktəbində başladım notla tədris etməyə. Az adam sinədən-sinəyə – yəni, sadəcə, müəlliminin ifa etməsinə baxaraq – öyrənə bilirdi. Onda, təbii ki, böyük hücumlara məruz qaldım. Deyirdilər, saz musiqisini niyə nota alırsan, aşıq musiqisində belə bir şey ola bilməz və s. Amma mən bilirdim ki, musiqinin dünyada bir dili var, o da notdur və bunu öyrənmək lazımdır. Dünyaya çıxmaq üçün dünya musiqi prinsipləri ilə uyğunlaşmalıyıq.
Təxminən 32 il öncə mən başladım saz məktəbinin təlimatını yazmağa, sazın öyrənmə metodlarını bir kitaba yığmaq istədim. Yeddi-səkkiz il zaman apardı. 1999-cu ildə Təbrizdə kitab çap olundu. Bir neçə il onunla tədris etdim, gördüm ki, nöqsanları var, yenidən dörd-beş il onların üzərində çalışdım, sonra yenidən çap etdim, ancaq daha mükəmməl şəkildə. Həmin kitab 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Folklor İnstitutu vasitəsi ilə nəşr olundu və indi də bəzi məktəblərdə, ali təhsil müəssisələrində tədris olunur.
Sonra başladım aşıq havalarını yazmağa və 95 havanı üç cild kitaba toplayıb çap etdirdim. 20 havanı da nota salmışam, ancaq hələ çapa verməmişəm. Ömür icazə versə, bütün havaları nota salacağam.
– Siz qopuz da deyirsiniz, saz da… Bunlar eyni alətlərdir ki?
– İranda “saz” sözü bütün simli musiqi alətlərinin ümumiləşmiş adıdır, yəni tara da, skripkaya da və s. saz deyilir. Ancaq bizim sazımız seçilsin deyə ona “qopuz” deyirlər. Məncə, bu, düz deyil. Onlar fərqlidir. Qopuz ifa olunan zamanlarda aşıqlar yox idi, ozanlar var idi. Saz, dütar, bağlama (Türkiyədəki aşıqların sazı) – bunlar hamısı qopuzdan ayrılma sazlardır.
– Bu yaxınlarda sizin “Dalğa” qrupunuzla konsertiniz oldu. Orada da başqa böyük və xırda sazlar gördük. Onlar yenidir?
– Bizim dastanlara fikir versəniz, orada deyilir ki, “cürəsini aldı sinəsinə, görək nə dedi”, ya məsələn, “tavar sazını aldı sinəsinə, görək nə dedi”, ya da “ana sazını aldı sinəsinə, görək nə dedi”. Buradan bilinir ki, sazın ölçüləri fərqli olub. Cürə – kiçik sazdır, tavar – ortadır, ana saz böyükdür. Mən ilk dəfə olaraq bu sənətə bunları qaytardım. Elə bilirəm ki, keçmişdə bunlar olub, çünki əgər yox idisə, niyə bizim dastanlarda bunlara yer verilib?
– Siz bunların prototipini görmüşdünüz, yoxsa elə haqqında oxuyub bilmisiniz?
– Oxumuşam ancaq. Türk sazlarını baxaq: cürə bağlama var – balacadır, qısa sap – bir az ondan böyükdür, bizim tavar saz kimi, bir də uzun sap var – ən böyük sazdır. Bütün dastanlarda aşıqlar bu sözlərdən istifadə edirlər, var imiş demək. Bu sazların köklənməsinin də qaydası var: cürə sazı tavar sazdan bir oktava yuxarı (zil), ən böyük sazı (bas sazı) isə tavar sazdan bir oktava aşağı (bəm) ayarlayırıq.
Onu da qeyd edim ki, bas sazı mən yaratdım, çünki bizim sazların səsi telləri (simləri) 18, 19, yaxud 20 nömrəli ölçüdə olduğu üçün zil səslənir və “qışqırtı” yaranır. Zil səs də yorur insanı, bunu yumşaltmaq üçün mütləq bas səs lazımdır. Mənim çoxdan fikrim vardı ki, sazın öz cinsindən bas səsi istifadə edə bilək. Onu mən dörd il öncə etdim. Yeri gəlmişkən, deyim ki, bu sazın ərsəyə gəlməsində mənə Təbrizdə usta sazbəndimiz Əhməd Qışlağı kömək edib, sazı mən dediyim ölçüdə bağlayıb.
Və qeyd edim ki, dünyada da belədir. Fikir versəniz, balalayka özü üç ölçüdədir, yaxud skripka, viola, violonçel, kontrabas – yəni bütün musiqi alətlərində bu var.
– Ayaq üstə çalmaqla oturub saz çalmağın fərqi nədədir?
– Aşıqlar keçmişdə ayaq üstə ifa ediblər. Əvvəllər, məsələn, bir məclisdə hamıya səs çatsın deyə ayaq üstə durardılar, amma indi səs sistemləri o problemi həll edib. İndi də bu, pis deyil, bəzi havaların özünəməxsus rəqs elementlərini nümayiş etdirmək gərəkdir, həmçinin, aşıqların geyiminin özəlliyi var…
Bu gün zamanın tələbi ilə aşıq sənəti ilə bağlı bir çox şeyləri itirmişik ki, o da normaldır. Məsələn, keçmişdə bir həkim insanın bədəninin bütün hissələrini müalicə etdiyi kimi, aşıqlar da saz çalırdılar, xanəndəlik edirdilər, həm də bəstəkar idilər, dastan yaradırdılar, dastan deyirdilər, dastanın içərisindəki şəxsiyyətlərin rollarını təkbaşına oynayırdılar, rəqs edirdilər və s. Ancaq indi insanın bədəninin hər orqanının bir mütəxəssisi olduğu kimi, yuxarıda aşıq sənətinə aid sadalanan hər şey ayrı sahə olaraq müxtəlif universitetlərdə tədris olunur və bu günlə o vaxtın səhnə oturuşu da fərqli ola bilər.
Əlbəttə, bəzi hallarda biz də ayaq üstə ifa edirik. Bizim qrup bəzi sazlardan, o cümlədən bas sazdan, perkussiyadan (burada barmaqları sazın gövdəsinə vurub səs çıxarmaq – red.) və s. istifadə etdiyimiz üçün ayaq üstə ifa etməkdə bir az çətinlik çəkə bilərik.
– Aşıqlara olan hörmət barədə hər yerdə eşidirəm. Məclisləri ayrı seçilərdi. Niyə dəyişdi bu adət?
– Aşıqların tarix boyu böyük xidmətləri olub, ona görə ki, aşıqlar bizim mədəniyyətimizin əhəmiyyətli bir hissəsini tarixin çətin şəraitində qoruyub bu günə çatdırıblar. Bir misal gətirim, bütün Güneydə yaşayan türkdilli millətlər və o cümlədən onların bir nümayəndəsi kimi mən özüm sizinlə oturub danışdığım bu dəqiqəyə qədər öz dilimizdə heç nə oxumamışıq, öz dilimizdə heç məktəb görməmişik. Əgər bu gün bizə bu dil bu həcmdə gəlib çatıbsa, buna görə aşıqlara borcluyuq. Aşıqlar bizim dilimizi tarix boyu qoruyub-saxlayıblar. Aşıqlar (onlardan öncə ozanlar) millətin ağır və xoş günlərində həmişə birinci yada düşüblər. Və bunları həmişə bir pir, müqəddəs şəxsiyyət kimi tanıyardılar. Aşıqlar bu xalqın yaşayış tərzini öz sənətlərində qoruyub, gələcək nəsillərə çatdırdıqları üçün də onlara həmişə hörmət edilib. Aşıqların çox böyük xidmətləri olub. Onları haqq aşığı adlandırırdılar, onlar bədahətən şeir deyirdilər.
Mən özüm aşıq ailəsində böyümüşəm. Mənim əmim Qaradağın ustad aşıqlarından biri idi – aşıq Eynulla Mehdipur, onun ustadı da aşıq Xeyrulla olub ki, o da Dədə Ələsgərin oğlu aşıq Talıbdan dərs alıb. Aşıq məclislərində çox olmuşam və onlara olan hörməti görmüşəm.
Çox təəssüf ki, indi aşıqlarımız özləri özlərini ayaq altında qoyublar. Məncə, aşıqlarımız savadlanmalıdırlar. Savad tək ədəbiyyat deyil. İndiki aşıqların çoxu ədəbiyyatı yaxşı bilir, amma musiqidən heç anlayışları yoxdur. İfa etdikləri sazı qoysan qabaqlarına, desən ki, bunun haqqında danış, susarlar. Çünki musiqi təhsili almayıblar, bilmirlər ki, ifa etdikləri sazın pərdə düzümü və ya kökləri hansı interval əsasında düzülüb, musiqi aləti necə köklənir…
İndinin tələbatı fərqlidir. Çox təəssüf ki, bizim aşıqların musiqi savadı yoxdur və musiqini çeviriblər bayağılığa. Aşıq sənətinin dəyərini qoruyub-saxlaya bilməyiblər.
– Siz amma aşıq musiqisini müasir formada təqdim edirsiniz.
– Ayrı çarə yoxdur. Belə etməsək, bunu da itirə bilərik. Aşıq sənəti çox genişdir. Amma mən aşıq musiqisində mütəxəssisəm. Və görürəm ki, bu musiqinin böyük potensialı var. Biz bunu elmləşdirə bilsək, dünya musiqi prinsiplərinə uyğunlaşdıra bilsək, dünyaya çıxa bilərik. Üzeyir bəyin “Koroğlu” operasını misal çəkə bilərəm. Hamı bilir ki, Üzeyir bəy aşıq Mirzə Bayramovun evində aylarla yaşayıb. Mən o əsərə qulaq asanda bilirəm ki, onun melodiyalarının 70-80%-i hansı aşıq havasından götürülüb. Və bununla dünyaya çıxmaq olur. Təəssüf ki, bizim bəstəkarlar aşıq musiqisindən çox da istifadə etməyiblər. Halbuki, Üzeyir bəyin öz sözüdür ki, bizim musiqiçilərimiz, bəstəkarlarımız aşıq sənətini bilməli, öyrənməlidirlər ki, bu gün bəstələdikləri musiqilərdə də Azərbaycan ruhu hiss olunsun.
Üzeyir bəyin tələbəsi Nazim Bağırov öz “Harmoniya dərsləri” kitabında yazmışdı ki, Azərbaycan musiqisinin harmoniya, akkord qanunları, sadəcə, sazın kökündən alınıb, sazın ümumi kökü var – re-sol-do deyilən, ondan alınıb.
Biz kökünü qorumaq şərti ilə aşıq musiqisini yeni üslubda təqdim etməsək, gənclərimizə onu sevdirə bilməsək, çox şey itirərik.
– “Dalğa” musiqi qrupunu nə zaman yaratmısınız?
– “Dalğa” qrupunu 34 il öncə Təbrizdə yaratmışam. Otuzdan çox ölkədə çıxış etmişik. Hər konsertə də çalışmışıq yenilik, fərqlilik qataq. Məni sevindirən odur ki, konsertlərə gələnlər gənclərdir. Sonra onlar təşəkkür edirlər ki, bizim sayəmizdə aşıq musiqisini yenidən seviblər.
– Eyni zamanda, “Rövşən” musiqi məktəbinin qurucususunuz. Məktəb haqqında da məlumat verə bilərsiniz?
– Məktəbi təxminən 31 il öncə Təbrizdə açmışam. İndi də fəaliyyət göstərir, hazırda 400-dən çox tələbəmiz var. Məktəbi bitirənlərin çoxu sonra gəlib Bakıda konservatoriyaya qəbul olur. Təəssüf ki, bizim orada konservatoriyamız yoxdur.
– Aşıq olmaq üçün yaxşı saz çalmaq kifayətdir, yoxsa mütləq aşiq olmaq lazımdır?
– Ümumiyyətlə, insan gördüyü işə aşiq olsa, daha uğurlu ola bilər. Mənim üçün vacibdir ki, sənəti sevdirib, qoruyub-saxlaya bilim. Sevdirmək üçün insan canından da keçər, maldan danışmıram. Əgər bu gün bu sənəti İranda sevirlərsə, inanın ki, bunun üçün canımızdan-malımızdan maya qoymuşuq.
Məncə, insan aşiq olmasa, heç nə ola bilməz, nə aşıq, nə başqa bir şey.
Daha çox foto burada: PhotoStock.az
Firəngiz Ağalarova
www.RIA24.az