Dohada Azərbaycan musiqisinin möhtəşəm qala-konserti olub – FOTO/VİDEO

Mədəniyyət


Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohada qala-konsert keçirilib.

Oxu.Az -ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim ediblər.

Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb. Daha sonra konsert proqramında  Tofiq Quliyev, Emin Sabitoğlu, Arif Məlikov, Fikrət Əmirov, Rauf Hacıyev, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri səsləndirilib.

Solistlər xalq artisti Azər Zeynalov, əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (kanon), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmova olub.

Hər bir çıxış tamaşaçıların sürəkli alqışları ilə başa çatıb, onlar Azərbaycan musiqisindən zövq alıblar.

Tədbirdə Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, Azərbaycandan gələn qonaqlar, yerli ziyalılar və başqaları iştirak ediblər.

Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Frangiz Ağalarova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir