Ağadadaş Ağayev: “Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq”

Mədəniyyət

Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən “Dodağına gülüş qonub” və “Sevirəm de” mahnıları oğurlanıb. 

Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb. 

A.Ağayev “Sevirəm de” nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb: 

“Sevirəm de” mahnısını sovet dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni kasetim çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki, sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O, çantasından bir “Yerevan” konyakı və şokoladlar çıxardı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, sizə erməni pasportu hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq.

Ona sual verdim ki, “Siz polissiniz və sizin bu söhbətlərə nə aidiyyətiniz var?” O isə cavabında mənə – “Düşək qapıya, avtomobilimə əyləşək. Görəcəksən ki, orada sənin kasetindən başqa kaset yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına elə-belə gəlməmişəm”.  Elə oldu ki, birlikdə qapıya düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.

O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu barədə məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim, dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca əzişdirək… Xanbala çox emosional və vətənpərvər insandır. İnanın, içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.

Səhər mən bu həmin erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də, erməni ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq”. 

Qeyd edək ki, Ağadadaş Ağayev açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək.  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir