Şuşada Vaqif Poeziya Günləri keçirilir

Mədəniyyət

Bakı. Trend:

İyulun 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə Şuşada növbəti dəfə Vaqif Poeziya Günləri təşkil
olunub.

Trend xəbər verir ki,
tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli,
dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət
xadimləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
bildirib ki, Vaqif Poeziya Günlərinin Şuşada artıq beşinci dəfə
keçirilməsi mühüm hadisədir. Tədbirin ardıcıl və davamlı şəkildə
təşkil olunması mədəniyyətimizə verilən yüksək dəyərin
göstəricisidir.

“Şuşa sözün əsl mənasında Azərbaycanın mədəniyyət paytaxtıdır.
Böyük bəstəkarların, şairlərin, sənətkarların və yaradıcı
insanlarımızın doğulub boya-başa çatdığı müqəddəs bir yurd yeridir.
Biz bu mənəvi məkanda — Vaqifin məqbərəsinin önündə poeziyanın və
ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün həm qürurverici,
həm də sevindirici bir hadisədir”, – deyə o, diqqətə çatdırıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova
çıxışında türk dünyasının ortaq dəyərlərindən olan poeziyanın
insanları zaman və məkan tanımadan birləşdirdiyini vurğulayıb. O
qeyd edib ki, Türk dünyasının ortaq mədəni dəyərlərinin bu cür
tədbirlər vasitəsilə yaşadılması və dünyaya tanıdılması
təqdirəlayiq təşəbbüsdür.

Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru
akademik Nizami Cəfərov Molla Pənah Vaqifin zəngin və çoxşaxəli
yaradıcılığına toxunaraq qeyd edib: “Biz bu gün təkcə bir poeziya
günündə deyil, eyni zamanda Vaqifin keçdiyi mənəvi, ədəbi yolun son
dayanacağı olan Şuşadayıq. Bu torpaq onun ruhunu yaşadır, bu şəhər
onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan
başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində,
Azərbaycan ədəbiyyatının özüdür. Şuşa doğrudan da sözün, musiqinin,
sənətin sehri ilə yoğrulmuş mədəniyyət ocağıdır. Burada hər addımda
tarix, poeziya və ruh var”.

Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsinin
iştirakı ilə Molla Pənah Vaqifə həsr olunmuş “Səda içində söz”
kompozisiyası və “İgidlərin sözü” layihəsi təqdim olunub.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də
Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də
Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən
Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində yekunlaşacaq.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni
məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa
olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi,
Qarabağ hotelində və Mehmandarovlar malikanəsində poeziya saatları,
kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi
konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar
təşkil ediləcək.




Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz
həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin
məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli
Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar
verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı
ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın
əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə
Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.

2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə
edilən tarixi Qələbə bu ənənənin yenidən doğuluşuna şərait yaratdı.
2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq
daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat
bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib
çıxma əzminin təntənəsidir.

xxx

19:07

İyunun 22-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və
Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada növbəti
dəfə Vaqif Poeziya Günləri təşkil olunub.

Trend xəbər verir ki,
tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm
və mədəniyyət xadimləri iştirak edirlər.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də
Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda olub. İyulun 15-də
Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edən
Poeziya Günləri iyulun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində yekunlaşacaq.

Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni
məkanlarında – o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa
olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi,
Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları,
kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi
konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar
təşkil ediləcək.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz
həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin
məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və Ümummilli
Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar
verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı
ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın
əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə
Qarabağın işğalı ilə bu ənənəyə ara verildi. 2020-ci ildə Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu
ənənənin də yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən
etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük
ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil,
həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin
təntənəsidir.