Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb (FOTO)

Mədəniyyət

Bakı. Trend:

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan
Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya
Günləri çərçivəsində iyulun 23-də Şuşada Xan qızı Natəvanın evinin
qarşısında “Sözün hökmdarı” adlı teatr tamaşası nümayiş olunub.

Trend xəbər verir ki,
tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz
Quliyev, ssenari müəllifi isə şair, yazıçı İlqar Fəhmidir. Səhnə
əsərində vaxtilə hökmdar olmuş şəxslərin sözə, şeirə münasibəti və
hökmdar olduqları halda belə ruhlarında daşıdıqları incəliklər əks
olunub.

Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları
yayılıb. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz
mədəniyyət tədbirinə ev sahibliyi edib. Bununla da, Vaqif Poeziya
Günləri başa çatıb.




Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah
Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz
bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya
Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan
ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya
Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni
Qazaxdan başlayıb Şuşanın əsrarəngiz Cıdır düzündə
yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa
şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya
Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda
keçirilməkdədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir