XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub (FOTO)

Mədəniyyət

Bakı. Trend:

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi olub.

Trend xəbər verir
ki, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən festival
dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı
ildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın
140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi çəxslər,
tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak
edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq
artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək
ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi
Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu
bildirib. Qeyd olunub ki, 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq
Musiqi Festivalı artıq on dörd ildir ki, dünya musiqisinin müxtəlif
simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli
ünvanına çevrilib. Bu sənət bayramı təkcə klassik əsərlərin
təntənəsi deyil, eyni zamanda, xalqları birləşdirən, sərhədləri
aşan mənəvi dəyərlərin təcəssümüdür.




Festivalın bədii rəhbəri bildirib ki, bu il dahi bəstəkar Üzeyir
Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. Məhz
bundan irəli gələrək XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir
Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilmək
məsuliyyətini öz üzərinə götürüb.

Daha sonra söz musiqiyə verilib. Festivalın açılış mərasimində
izləyicilərə maraqlı proqram təqdim olunub. Həmin axşam Üzeyir
Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert
proqramı ilə yadda qalıb.

Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin bədii
rəhbəri olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və
Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və
Rəqs Ansamblının Xor qrupu festivalı Üzeyir bəyin “Cəngi” əsəri ilə
açıb.

Musiqi tariximizin inciləri ilə dolu axşamda tanınmış
bəstəkarlarların seçilmış əsərləri səslənib. İzləyicilər Səid
Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad
Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov,
Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarların
əsərlərini, eləcə də xalq mahnılarını dinləyiblər.
Festival iyulun 29-dək davam edəcək. Bu günlərdə Qəbələ müxtəlif
ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi
kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
Azərbaycanla yanaşı, Latın Amerikası, Litva, Gürcüstandan dünya
şöhrətli musiqiçilər, dirijorlar və musiqi kollektivləri öz
rəngarəng çıxışları ilə məharətlərini bir daha nümayiş
etdirəcəklər. Festival çərçivəsində klassik musiqidən muğama,
cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq. Festival
günlərindəki konsert proqramlarına giriş sərbəstdir.