Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub (FOTO)

Mədəniyyət

Bakı. Trend:

Uğurla davam edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı
çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində
musiqisevərlərə dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr
olunmuş konsert proqramı təqdim edilib. Kamera musiqisi axşamında
Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova
(soprano) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış
ediblər.

Trend xəbər verir
ki, konsertdən əvvəl Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərək
Üzeyir Hacıbəylinin yaradıcılığı və konsertdə ifa olunacaq əsərlər
barədə qısa məlumat verib. Xalq artisti deyib: “Mən həmişə Üzeyir
Hacıbəylini “dahilərin dahisi” adlandırmışam. Xalqımız da onu belə
qavrayıb və qəbul edib. Çünki Üzeyir Hacıbəyli yalnız bir sahədə
deyil, mədəniyyətimizi əhatə edən bir çox sahədə dahi statusunu
qazanıb. O, həm böyük dramaturq, publisist, həm də musiqişünas,
bəstəkar, böyük vətəndaş olub”.




Konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından
Gülçöhrənin ariyası, “Koroğlu” operasından Nigarın ariyası,
“Uvertüra”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən Vals,
Soltan Hacıbəyovun “Nəğmə”, Qara Qarayevin iki prelüdü, Arif
Məlikovun “Güllər”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin
ariyası, Tofiq Quliyevin “Sevincim Bakı”, Niyazi Hacıbəyovun “Rast”
simfonik muğamından fraqmentlər, “Arzu”, Fərhad Bədəlbəylinin “Ave
Maria” və digər bəstəkarların əsərləri səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.