Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib (FOTO)

Mədəniyyət

Bakı. Trend:

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının qonaqları sırasında
Gürcüstanın tanınmış “Tbilisi Big Band” musiqi qrupu da var.
Festivalın proqramına uyğun olaraq, iyulun 27-də axşam “Qafqaz
Resort” otelindəki açıq səhnə Gürcüstandan gəlmiş musiqi qrupunun
ixtiyarına verilib.

Trend xəbər verir
ki, kollektivin caz, ritm və enerji dolu əsrarəngiz çıxışı
musiqisevərlərin ürəyincə olub və alqışlarla qarşılanıb.




“Tbilisi Big Band” musiqi qrupu Qəbələ festivalında üçüncü
dəfədir iştirak edir. Professional musiqiçilərdən ibarət “Big Band”
1997-ci ildə yaradılıb və Gürcüstanın aparıcı kollektivlərindən
biridir. Orkestr estrada ifaçılığı, xüsusilə də gürcü caz
ənənələrinə sadiq qalaraq, son illər bir çox uğura imza atıb.
Hazırda qrupun repertuarında müxtəlif janrları əhatə edən yüzlərlə
əsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumental
kompozisiyaları daxildir. Musiqi qrupu 2006-cı ildə Monte Karloda
keçirilən Beynəlxalq Caz Festivalında Qran-Pri mükafatına layiq
görülüb. Orkestrlə birgə G.Şiller, B.Mintser, R.Ayers, İ.Butman,
C.İzaak, D.Teffer kimi tanınmış musiqiçilər çıxış edib.

Festivalın proqramına uyğun olaraq, iyulun 28-də tamaşaçılara
kamera musiqisi axşamı və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin konserti təqdim olunacaq.