
Bakı. Trend:
Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında da bildirildiyi
kimi iyul ayının sonunda Bakı şəhərində 3-cü “Vyetnam Günləri”
təşkil olundu. Tədbirin əsas məqsədi iki ölkə arasında mədəni
əlaqələrin genişləndirilməsidir.
Bu məqsədlə də gələn xarici qonaqlara ilk növbədə Azərbaycanın
milli mənəvi sərvəti, əsl Azərbaycan qadınlarının göz nuru, əl
əməyinin məhsulu, 100% təbii məhsullardan hazırlanan Azərbaycan
xalçaları nümayiş olunub. Azərbaycanın ən böyük xalça istehsalçısı
“Azərxalça” ASC- nin İçərişəhərdə yerləşən satış və nümayiş
salonunda baş tutan görüşdə qurumun İdarə heyətinin sədri Emin
Məmmədov başda olmaqla yaradıcı heyət, Azərbaycan Respublikasının
Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Şövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi tədbir üçün
Bakıya gələn qrup nümayəndələri iştirak edib.
Qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yolu
və müasir dövrü haqqında geniş məlumat verilib. “Azərxalça” ASC-də
istehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunan
xalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə qonaqlar
xalça toxuma prosesində iştirak ediblər, ilmə atmağı öyrəniblər.
Xalça toxunmasında iştirak edən hər bir kəsə “Azərxalça” ASC sədri
Emin Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.
Görüş zamanı həmçinin yaxın gələcəkdə Vyetnamda baş tutacaq əsl
Azərbaycan xalçalarından ibarət sərginin detalları da müzakirə
olunub.