
Bakı. Trend:
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət
Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi
Festivalı çərçivəsində iyulun 28-də musiqisevərlər Heydər Əliyev
Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.
Trend xəbər
verir ki, kamera musiqisi axşamında Vurğun Vəkilov (piano), Ümidə
Abasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano),
Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), Yusif
Əlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli
(piano) və Aytac Şıxəlizadə (mezzo soprano) maraqlı konsert
proqramı ilə çıxış ediblər.
Konsertdə Tofiq Quliyevin “Arzular”, Fikrət Əmirovun “Gecə
keçdi”, V.Saparovun “Alla tanqo”, F.Şopenin “Grande valse
billiante”, “20 nömrəli Noktün”, F.Listin “İspan rapsodiyası”,
R.Gallianonun “Klod üçün tango” və digər bəstəkarların əsərləri
səsləndirilib.
Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da
tamaşaçılara Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin konserti təqdim olunacaq.