Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub (FOTO)

Mədəniyyət

Bakı. Trend:

İyulun 24-də startı verilən XIV Qəbələ Beynəlxalq Musiqi
Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq,
festivalın sonuncu günündə – iyulun 29-da Qəbələ şəhərindəki Heydər
Əliyev Konqres Mərkəzində musiqisevərlərə növbəti kamera konserti
təqdim olunub. Kamera musiqisi axşamında Litvadan gəlmiş
“Ciurlionis” kvarteti və Azərbaycanın Xalq artistləri – pianoçular
Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə maraqlı konsert proqramı
ilə çıxış ediblər.

Trend xəbər
verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək
Mikaloyus Konstantinas Ciurlionisin yaradıcılığı barədə məlumat
verib.

Bildirilib ki, M.K.Ciurlionis Litva xalqının görkəmli mədəniyyət
xadimi, Litva professional musiqisinin banisi, çox istedadlı şair
və rəssam olub. Cəmi 46 il ömür sürən bəstəkarın bütün yaradıcılığı
axtarışlarda keçib. O, orqan, kamera musiqisi və orkestr üçün
əsərlər yazıb. Eyni zamanda, 300-ə yaxın rəssamlıq əsərinin
müəllifidir. O, Litva xalq mahnılarından, rəvayətlərindən
bəhrələnərək özünün sanki fantaziya və reallıq arasında olan
əsərlərini bəstələyib.

Kamera musiqisi axşamında Fərhad Bədəlbəyli və Murad
Adıgözəlzadəni “Ciurlionis” kvartetinin üzvləri Yonas Tankeviçius
(violin), Darius Diksaitis (violin), Yelena Daunyte (cello) və
Gediminas Daçinskas (viola) müşayiət ediblər.




Konsertdə M.Ciurlionisin “Simli kvarteti do minor” (“Allegro
moderato”, “Andante”, “Menuetto”), Y.Bramsın “Piano kvinteti fa
minor, op.34”, R.Şumanın “Piano kvinteti mi bemol major, op.44”
əsərləri ifa olunub.

XVIII əsrin məşhur italiyalı ustalarının hazırladıqları unikal
musiqi alətlərində ifa edən Litvanın “Ciurlionis” kvartetinin
virtuoz təqdimatı festivalın öz izləyicilərinə növbəti hədiyyəsi
olub.

Axşam “Qafqaz Resort” otelindəki açıq səhnədə XIV Qəbələ
Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun
konserti olacaq.