
Bakı. TrendI
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görkəmli yazıçı, nasir,
dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru,
professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan
Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003),
dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il
avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan
olmuşdur. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış və
Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin
ən aparıcı nümayəndələrindən biri olmuşdur. Yazıçı milli ədəbiyyata
yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş,
ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə
tərcümə edilərək nəşr olunmuş, Azərbaycan ədəbiyyatının beynəlxalq
səviyyədə təbliğində mühüm rol oynamışdır. Elçin Əfəndiyev milli
ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan
biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər,
pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və
Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan
ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində
də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm
ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi
xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında
böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan
Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin
ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla
yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi
xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə
əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında
əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə
görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə
təltif olunub.
Mədəniyyət Nazirliyi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini
bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı
verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında
əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin