Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək

Mədəniyyət

Bakı. Trend:

Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə
Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı
çərçivəsində “Azərbaycan Milli Günü” təşkil olunacaq.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 4-8 avqust tarixlərində keçiriləcək tədbirin
məqsədi Azərbaycanın zəngin mədəni irsini, incəsənət ənənələrini və
müasir yaradıcılıq potensialını təqdim etməkdir.




Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi
nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri
artıq Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək
səviyyədə təşkili üçün hazırlıq işləri davam etdirilir.

Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıq
nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim
olunacaq. Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər,
kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin
ustad dərsləri keçiriləcək. Kulinariya guşəsində milli mətbəximizin
ənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında milli
musiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək.
Avqustun 5-də konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala
konserti təşkil olunacaq. Ayın 6-da isə “Azərbaycan Milli Günü”
möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd ediləcək. Avqustun 8-də
səhnəmizin tanınmış sənətkarlarının, ifaçılarının iştirakı ilə
təşkil olunacaq “Azərbaycan Milli Günü” Qala konserti ilə
yekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi
deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına
mühüm töhfə olacaq.