
Bakı. Trend:
5–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli
Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf
Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan
Milli Günləri” təşkil olunur. Tədbirlər Azərbaycanın zəngin
mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq
auditoriyaya təqdim edir.
Trend xəbər
verir ki, Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə
açıq olacaq.
Burada ölkəmizin tarixi və mədəni irsinə dair kitablar,
broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət
nümunələri sərgilənəcək. Ziyarətçilər qədim sənətkarlıq
ənənələrimizi əks etdirən əl işləri ilə də tanış ola
biləcəklər.
Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri”
adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin
fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və
kəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin xalça toxuma, şəbəkə
sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri
keçiriləcək.
Sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi
yeməkləri və şirniyyatları təqdim olunacaq, ölkəmizin
qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.
5 avqust tarixində konfransın açılış mərasimi çərçivəsində Qala
konsert təşkil ediləcək. 6 avqustda
“Azərbaycan Milli Günü” münasibətilə möhtəşəm konsert proqramı,
8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun
Qala konserti baş tutacaq.