Azərbaycanın milli irsi Türkmənistanda böyük maraqla qarşılandı (FOTO)

Mədəniyyət

Bakı. Trend:

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə
Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı
çərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.

Trend
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni
və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən “Azərbaycanın milli irsinin inciləri” adlı
sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan
xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr,
milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim
edilib.

Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma,
şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad
dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı
musiqi ifaları və milli rəqslər nümayiş olunub.




Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına
səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim
edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini
izləyib, onların dadına baxıblar.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət
ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da
keçirilib.

Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdar
artistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, Sahib
Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, “Natiq” ritm qrupu və
Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən maraqlı ifaları ilə
tamaşaçıların qəlbini fəth edib.

Konsert proqramı böyük maraq doğurub, alqışlarla qarşılanıb.

Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun
8-dək davam edəcək.

Spread the love