
Bakı. Trend:
Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi
“Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrup
sərgisinə dəvət edir. Sərgi, tanınmış amerikalı fenomenoloq və
çağdaş fəlsəfənin aparıcı simalarından biri sayılan Edvard S.
Keysinin (1ç3ç) fəlsəfi fikirlərinə söykənir.
Keysi “yer” və “məkan” anlayışları arasında dərin bir fərq
qoyur. Onun fikrincə, “yer” insanın cismani varlığı ilə sıx bağlı
olan, yaşanmış gerçək təcrübələrlə yoğrulmuş bir anlayışdır.
“Məkan” isə daha çox abstrakt, hisslərdən uzaq və ölçüləbilən bir
məmumdur. Keysi göstərir ki, yer sadəcə fiziki koordinat deyil: o,
kimliyimizi, yaddaşımızı və dünyaya münasibətimizi formalaşdıran
mühüm bir ünsürdür. O, bizi müəyyən bir yerə bağlı varlıqlar kimi
təqdim edir və “yer əsaslı” bir düşüncə tərzinin vacibliyini
vurğulayır.
Klassik modernist və karteziançılıq ənənələrinin boş, ölçülü və
neytral məkan anlayışına zidd olaraq, Keysi yerin emosional qatlar,
zaman hissi və mədəni məna ilə zənginləşdiyini irəli sürür: “Biz
sadəcə bir yerdə deyilik. Biz həmin yerin özüyük”.
Sərgidə iştirak edən rəssamlar təsəvvür edilən, unudulan və
yenidən məskunlaşan yerlər vasitəsilə təcrübənin yerlə necə
formalaşdığını və dislokasiyanın insan ruhuna və vücuduna necə
təsir etdiyini araşdırırlar. “Məskunlaşmış
fərdlər” ziyarətçini məkanı sadəcə seyr etməyə deyil, onu
duymağa, orada var olmağa dəvət edir: sanki sərgi bir məkandan daha
çox yaşanan bir təbəqədir.
Rəssamlar məkanı sabit və hərəkətsiz fon deyil, canlı, nəfəs
alan bir varlıq kimi təqdim edir. Əsərlərdə məkan, şəxsi hekayələr
və duyğularla yoğrulmuş emosional coğrafiyalara çevrilir. Burada
məkan xatırlanır, sorğulanır və yenidən mənalandırılır.
Məskunlaşmış Fərdlər
Jalə Əziz, İrina Eldarova, Eldar Qurban, Bütünay Haqverdiyev,
Anar Hüseynzadə, Ramal Kazım, Tora Mais, Regina Rzayeva, Rza
Rzazadə
Sərgi: 12 avqust — 31 oktyabr, 2025 Gazelli Art House, Bakı
Rəssamlar haqqında
Jalə Əziz (d. 1ççç) Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında (ADRA) toxuculuq üzrə magistr təhsili almışdır. O,
tekstil, toxuma və naxış texnikalarından istifadə edərək köhnə
parçalar və fotoşəkillərlə yaddaş, kimlik və zaman anlayışlarını
yenidən qurur. O, laylar, teksturalar və ənənəvi motivlərlə
keçmişin səsini bu günə daşıyan təsirli əsərlər yaradır. Jalə Əziz
Bakı, İstanbul və Moskvada keçirilmiş bir sıra qrup sərgilərində
iştirak etmişdir.
İrina Eldarova (d. 1ç55) sənət fəaliyyətinə
“Uşaq ədəbiyyatı” nəşriyyatında illüstrator kimi başlamışdır.
Keçmiş SSRİ dönəmində və daha sonra bir çox ölkələrdə sərgilərdə
iştirak etmiş, beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq
etmişdir. 1çç6-cı ildən Böyük Britaniya Jurnalistlər
Assosiasiyasının üzvüdür. Əsərləri müxtəlif texnikalarda olsa da,
böyük ölçülü və monumental qarışıq texnikalar onun əsas vizual
ifadə vasitələridir. O, müasir konseptual incəsənətin inkişafına
verdiyi töhfələrlə tanınır. Fotoqrafiya, video-art və jurnalistika
onun yaradıcılığında mühüm yer tutur. Eldarova Azərbaycandan olan
müasir incəsənəti dünyaya tanıdan beynəlxalq səviyyəli bir çox
layihədə iştirak edib. Bunlardan biri Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə London, Paris, Berlin və Romada keçirilən
“Bakıya uçuş”, digəri isə 2013-cü ildə Parisdəki
Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan “Ev, doğma ev”
sərgisidir
Eldar Qurban (d. 1ç48) Azərbaycan
Respublikasının Əməkdar rəssamı və Azərbaycan Rəssamlar İttifaqının
üzvüdür. 1ç6ç-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin
rəngkarlıq fakültəsini, daha sonra isə
V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun qrafika
fakültəsini bitirmişdir. 1ç72-ci ildə keçirilən ilk sərgisindən
indiyə qədər onun əsərləri dünyanın müxtəlif ölkələrində nümayiş
olunmuşdur. 1ç8ç-cu ildə Xəzəryanı respublikaların Biennalesində
“Şair və Muza” əsəri ilə qızıl medal və birinci dərəcəli
diplomla təltif olunmuşdur. Eldar Qurban Azərbaycan incəsənətində
primitivizm üslubunu təmsil edən nadir rəssamlardan biridir. Onun
üslubu Fransanın primitivizm ənənələrinə oxşayır; lakin yerli mühit
və onun özəlliklərini araşdırmaqla, reallığı və öz xəyal dünyasının
gözəlliyini müxtəlif dillərlə ifadə edir.
Bütünay Haqverdiyev (d. 1ç8ç) əsasən rəngkarlıq
və heykəltəraşlıqla məşğul olsa da, 200ç-cu ildən bəri video- art
sahəsində də fəal şəkildə çalışır və əsasən qısa animasiya filmləri
çəkir. Onun video əsərlərində müxtəlif texnikalarla eksperiment
aparılır; “zaman intervallı” (time-lapse) çəkiliş və kompozisiya
vasitəsilə, o, hərəkətli heykəllər yaradır. Bakı şəhərində anadan
olan rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq
fakültəsində təhsil almış, daha sonra Moskvada Britaniya Ali
İncəsənət və Dizayn Məktəbində təhsilini davam etdirmişdir.
Yeniyetmə yaşlarında artıq bacarıqlı bir rəssam kimi tanınmış,
2003-2008-ci illərdə Bakıda yerləşən pravoslav kilsəsində
freskaların çəkilməsi və bərpası işlərində rəssamlar qrupunda
çalışmışdır. Əsərləri Bakı ilə yanaşı Rusiya, Fransa və İtaliyada
keçirilmiş bir sıra önəmli qrup sərgilərdə nümayiş olunub. 2013-cü
ildə, onun əsəri İtaliyada keçirilən 55-ci Venesiya Biennalesində
Azərbaycanın milli pavilyonunda təqdim olunmuşdur.
2015-ci ildə isə Azərbaycan xalça ornamentlərini ağac
heykəltəraşlığı vasitəsilə təqdim etdiyi əsərlər Kannın Festivallar
Sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgidə
nümayiş olunmuşdur.
Anar Hüseynzadə (d. 1ç81) Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasını magistr dərəcəsi ilə bitirib. Anarın
yaradıcılıq məqsədi açıqdır: ənənəvi incəsənətdə mövcud boşluqları
doldurmaq və sərhədləri dağıtmaq. 2005-ci ildən bəri Azərbaycan,
Türkiyə, Almaniya, İsveçrə, Özbəkistan, Moldova və İngiltərədə
keçirilmiş qrup sərgilərində iştirak etmişdir. Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. Onun fərdi sərgiləri sırasında “Əsatirlər
danışır” (Muzey Mərkəzi, Bakı, 2014), və “Abşeron
nağılı” (Gazelli Art House Bakı, 2021) kimi layihələr yer
alır. Rəssamın əsərləri ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə,
Yunanıstan, Avstraliya və Norveçdə şəxsi kolleksiyalarda
saxlanılır.
Ramal Kazım (d. 1ç87) Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasını 2008-ci ildə bitirmişdir. Ekspressionizm
ənənəsinə əsaslanan Ramal güclü təsir bağışlayan, qeyri-adi
fiqurlar və kəskin rəng çalarları ilə seçilən kompozisiyalar qurur.
Onun əsərləri insan təcrübəsinin vizual gündəliyi kimi
dəyərləndirilə bilər: şok və provokasiya rəssamın əsas ifadə
vasitələrindəndir. Ramalın ifadəli insan fiqurları və obrazları
Azərbaycan cəmiyyətində tabu hesab olunan mövzulara toxunur. Onun
portretləri reallıqla abstraksiya arasında bir sərhəddə yaşayır;
qırılmış butulka parçaları, zorakı jestlər və ağrı ilə ehtiras
arasında əyilən simalarla dolu vizual bir axın yaradır. Əsərləri
ölkədə və xaricdə keçirilən qrup sərgilərində nümayiş olunmuşdur.
200ç-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Tora Mais (d. 1ç7ç) azərbaycanlı
multidissiplinar rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının “Rəngkarlıq” ixtisası üzrə magistr dərəcəsini
aldıqdan sonra 2002-ci ildə əvvəlcə Şanxaya, sonra isə hazırda
yaşadığı Berlin şəhərinə köçmüşdür. Onun əsərləri, Xəzər dənizində
yaşayan xəyali məxluqlar və ya mənzərələr pozitiv enerji və yumorla
zəngindir. Tora, Şərq rəsmlərinin vizual dilini istifadə edərək,
seksuallığa qadın baxışını oyunbaz və tənqidi şəkildə əks etdirir.
Əsərləri 2007-ci ildə 52-ci Venesiya Biennalesində Azərbaycanın
milli pavilyonunda, 1ççç-cu ildə “Manej” Mərkəzi Sərgi Zalında,
2010-cu ildə Stavanger Müasir İncəsənət Mərkəzində, 2011-2012-ci
illərdə keçirilmiş “Bakıya uçuş” səyyar sərgisi, 2011 və
2015-ci illərdə PERMM Muzeyində, 2018-ci ildə Berlinin “Voluntary
Art Liaison” layihəsində, “Café Avarice & Generosity”
sərgisində (Galerie Dixç, Paris, 201ç) və 201ç-cu ildə Kipr Müasir
İncəsənət Muzeyində nümayiş olunmuşdur. Əsərləri bir sıra muzeyin
daimi kolleksiyalarına daxil edilmişdir.
Regina Rzayeva (d. 1çç6) Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetində moda dizaynı üzrə təhsil almışdır. O,
ənənəvi rəssamlıq texnikalarını istifadə edərək müxtəlif material
və parçalarda işləyir. Parça onun üçün yalnız fon deyil, əsərin
strukturuna daxil olan əsas ifadə vasitəsidir. O, boyanı incə
şaquli xətlər şəklində tətbiq edərək parça teksturası ilə dialoqa
girir. Rəssam öz sənət üsulunu müşahidəçi yanaşma kimi təsvir edir.
Onun üçün incəsənət fəlsəfi düşüncənin və zaman anlayışının bir
hissəsidir. Onun əsərləri zəriflik, həssaslıq və yüngüllük ilə
fərqlənir və rəssam, bu vasitə ilə insanın özünü dərk etməsinin
keçiciliyinə və kövrəkliyinə diqqət çəkmək istəyir.
Rza Rzazadə (d. 1çç4) Bakıda fəaliyyət göstərən
vizual rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
rəngkarlıq üzrə təhsil almışdır. Onun əsərləri İtaliya, Almaniya,
Türkiyə və Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.
2022-ci ildə o, ilk fərdi sərgisi olan “Fırtına”nı təqdim
etmişdir. Rəssamın vizual dili emosional xaosla formanın arasında
bir tarazlıq qurmağa çalışır; ifadəli jestlər və simvolik
fraqmentlər vasitəsilə müasir insanın çoxqatlı portretlərini
yaradır. Təbiət, xüsusilə də ağac motivi bəzən bu vizual axının
içində səssiz bir metafora kimi peyda olur.
Qalereya haqqında
“Gazelli Art House” 2010-cu ildə Mila Əsgərova tərəfindən təsis
edilmişdir. Qalereya, İkinci Dünya müharibəsindən sonrakı dövrdən
başlayaraq pop-art və abstrakt ekspressionizm kimi istiqamətləri
təmsil edən sənətçilərdən tutmuş, rəqəmsal dövrdə sənəti yenidən
mənalandıran ultramüasir yaradıcı simalara qədər geniş beynəlxalq
rəssamları nümayiş etdirir. Qalereya, çoxşaxəli ifadə vasitələri
ilə ənənələrə meydan oxuyan sənətçiləri dəstəkləyir. O, Bakıda
yerləşən qalereya ilə birlikdə regionun sənətçilərini tanıtmaq və
mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi daşıyır. 2015-ci
ildə qalereya incəsənət və texnologiyaların kəsişməsində
yenilikləri dəstəkləmək üçün GAZELL.iO adlı onlayn platforma
yaratdı.
Əlavə məlumat üçün: [email protected]