
Bakı.Trend:
Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr
olunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə ASCO məlumat
yayıb.
Bildirilib ki, ASCO-nun sifarişi ilə çəkilən filmin əsas məqsədi
dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu,
həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli
gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların
gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı
auditoriyasına çatdırmaqdır.
Film istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə
də 100-dən artıq aktyor iştirak edib. Ekran işində Şövkət obrazını
gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Həmçinin filmdə Xalq
artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov,
Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar rol
alıb.
Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr
departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə
“Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif
Rüstəmovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir
rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı
prodüseri Səbinə Həsənovadır.
Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və digər
real məkanlardan geniş istifadə olunub ki, bu da filmə yüksək
realizm və autentiklik qatıb.
Hazırda filmin “post-prodakşn” işləri davam etdirilir.