Azərbaycanın Mədəniyyət Paytaxtında təşkil olunan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatdı. Şuşanın azad olunmasından sonra ard-arda ikinci il keçirilən tədbir xoş təəssüratlar yaratdı. Ötənilki festival da məhz may ayının bu günlərinə təsadüf etmişdi və bu artıq gözəl bir ənənəyə çevrilir.
Üç gün davam edən möhtəşəm tədbirdən geriyə qalanlar – yüksək əhval, əla motivasiya, gülər üzlər, xoş xatirələr və gələcəyə inam oldu.
Festivalda bir çox yerli və xarici yaradıcı kollektivlər iştirak etdi. Musiqiçilər, ansamblların üzvləri və digər qonaqlar Şuşa şəhərindən, burada onlara göstərilən qonaqpərvərlikdən ağızdolusu xoş sözlər danışdılar.
Festivalın təşkilatçılarından biri, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə xarici qonaqların yaşadığı hisslərdən danışdı:
“Qonaqların və elə bizim də emosiyalarımız dolub-daşır. Şuşanın təbiəti gözəl, qeyri-adi təəssüratlar yaradır. Qonaqlar səmimi qəlbdən etiraf edirlər ki, belə gözəllikləri heç yerdə müşahidə etməyiblər.
Bu günlər ərzində qonaqlara Şuşanın tarixi və bu günü haqqında ətraflı məlumat da verildi. Sözün açığı, heç əlavə suallara ehtiyac da qalmır – hər bir şey göz qabağındadır”.
Xarici qonaqlardan biri, ərəb dünyasında tanınan musiqiçi Həmzə Namira Şuşada çıxış etməkdən qürur hissi keçirdiyini bildirdi.
Onun sözlərinə görə, Azərbaycan musiqisi özünəməxsus çalarları ilə yadda qalır və bununla da böyük rəğbət qazanır.
“Mən burada Azərbaycan musiqisi ilə yaxından tanış oldum. O mənim könlümə elə yatdı ki, bundan sonra onu daha yaxından öyrənəcəyimi deyə bilərəm.
Öz çıxışıma qaldıqda isə, mən musiqim vasitəsi ilə Şuşadan bütün dünyaya sülh mesajı göndərmək istədim”.
Festivala rəng qatan digər amillərdən biri də Azərbaycanın azsaylı xalqlarından ibarət folklor ansamblları oldu. Rəngbərəng kostyumları, özünəməxsus ənənələri və gülər üzləri ilə özlərinə diqqət çəkən bu musiqiçilər də Şuşa səyahətlərindən, burada yaşadıqları bayramdan məmnunluqlarını ifadə etdilər.
Balakən rayonunun “Nanaylar” (“Nənələr”) ingiloy folklor qrupu da qeyd etdiyimiz kollektivlərdən biridir. Onun bədii rəhbəri Qürbət Muradov ansamblın “Xarıbülbül” festivalında ikinci dəfədir ki, iştirak etdiyini, birinci səfərin kollektivin fəaliyyətinə yeni təkan verdiyini açıqladı:
“Əhvalımız pozitivdir. Nənələr yeni mahnılar üzərində işləyirlər, çalışırlar ki, çıxışları daha da maraqlı, daha da uğurlu olsun.
Azsaylı xalqların nümayəndələri də Vətənin müdafiəsində yaxından iştirak ediblər, Şuşa uğrunda da məharətlə döyüşüblər. Son müharibədə Balakən 100-dən çox şəhid verib. Onlar bizim yaddaşlarımızda daim qalacaqlar. Nənələrimiz öz fəaliyyətləri ilə həm də şəhidlərimiz ruhunu yaşadırlar”.
Əminik ki, Şuşa gələcəkdə hələ bir çox gözəl tədbirlərin şahidi olacaq. Elə bu il, elan olunduğu “Şuşa İli” çərçivəsində bir-birindən fərqli, yüksək səviyyəli tədbirlər gözlənilir. Bununla da Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi dünyaya sülh və sevgi dolu mesajlarını göndərməkdə davam edəcək.
Namiq Həsənov
www.RIA24.az