XII-XIV əsrlərə aid edilən, ağ daşdan tikilmiş bu müdafiə qalasının hündürlüyü 15 metrdir. Şirvanşahlar dönəmində qəsr kimi də istifadə olunub.
Söhbət Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsindən gedir.
Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilib. Lakin bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər.
Qəsrin daxili həyətinin tərəfləri 28×10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilib. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir.
Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür.
Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Qala sonuncu dəfə, 1956-cı ildə “Koroğlu”nun çəkilişi zamanı bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına və Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu qeyd edirlər.
“Global Photo Stock”un əməkdaşının çəkdiyi fotoları təqdim edirik:
FOTO: Tapdıq Abdullayev
www.RIA24.az