Bölgə teatrlarında qadın aktrisa böhranı yaşanır. Problem sosial şəbəkələrdə gündəmə gətirilib. İddiaya görə, üçüncü dərəcəli qadın roluna aktrisa tapmayan rejissorlar məcburiyyətdən kişidən qadın “düzəldir”lər.
Maraqlıdır ki, qeyd olunan hal hansı teatrda baş verib və hər il Azərbaycan Mədəniyyət İncəsənət Universitetindən məzun olan aktrisalar haraya gedirlər?
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri maddi-mədəni irs şöbəsindən Bizim.Media-ya bildirilib ki, həqiqətən də, bölgələrdə ixtisaslı gənc aktyor və aktrisalara ciddi ehtiyac var:
“Sözügedən faktla bağlı araşdırma aparılıb. Söhbət Mingəçevir Dövlət Dram Teatrından gedir. Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin quruluşunda U.Şekspirin “Otello” əsərinin motivləri əsasında hazırlanmış “Yad” tamaşasında rejissor yozumuna əsasən, Byanka obrazını aktyor Ceyhun Əhmədov ifa edib.
Doğrudur, regionlarda fəaliyyət göstərən teatrların bir çoxunda ixtisaslı gənc kadrlara, eləcə də aktyor-aktrisalara ciddi ehtiyac var.
Lakin qeyd olunan məsələ, aktrisa çatışmazlığı problemindən qaynaqlanmır, bu, rejissor təxəyyülünün məhsuludur”, – deyə nazirlikdən bildirilib.
www.RIA24.az