1980-ci illərin ortalarında gənc rejissor və rəssam Tərlan Qorçu tərəfindən dünyada məhdud sayda olan teatrlardan birinin əsası qoyulub. Bu ideyanın tam formada ərsəyə gəlməsi uzun müddət alsa da, o, buna nail ola bilir. Söhbət Bakı Marionet Teatrından gedir. Teatr İçərişəhərdə, Müslüm Maqomayev küçəsi 20 ünvanında yerləşir.
1988-ci il aprelin 20-də rəsmən təsis olunaraq Azərbaycan Teatr Xadimləri İttifaqı nəzdində fəaliyyət göstərməyə başlayan teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının marionet quruluşu olub.
1990-cu ildə tamaşanın premyerasının niyə Fransada baş tutması, uzun illər məkanla bağlı yaranan problemlər, tamaşaçı diqqəti, auditoriya və digər məsələlərdə yaranan çətinliklər barədə suallarımızı Tərlan Qorçu özü cavablandırdı.
Tərlan Qorçu Bakıda anadan olub. Bakı, Moskva, Tiflis və Varşavada yaradıcılıq hazırlığını keçib, peşə təcrübəsini qazanmışdır. Ali təhsilli teatr rejissoru və rəssamdır, Bakıda marionet teatrı yaratmağa müvəffəq olub, teatrın ilk günündən indiyə kimi ona rəhbərlik edir. Əsas fəaliyyəti ilə yanaşı, həm də klassik və müasir şərq xəttatlığı ustasıdır, dizayn rəssamı kimi müasir incəsənət sahəsində çalışır, uşaq kitabları və bədii albomlar üzrə naşir-dizayner kimi məşhurdur. Azərbaycan Rəssamlar İttifaqının, eləcə də Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Bakı, Varşava, Paris, Vilnüs, Moskva, Bazel, Berlin, Tiflis, London, Venesiya kimi şəhərlərdə çoxsaylı dizayn layihələri və instalyasiyalarını uğurla gerçəkləşdirib.
Oxu.Az rejissor və rəssam, Bakı Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu ilə müsahibəni təqdim edir:
– Dünyada belə məhdud sayda olan bir teatrdan danışırıq. Üstəlik o dövrdə bu ideyanı reallaşdırmaq gənc rejissor üçün çətin olmadımı?
– O dövrdə hər şey çox çətin idi. Cavan, ali təhsilini yeni bitirmiş bir rejissorun sanballı bir teatrda işləməsi demək olar ki, mümkün deyildi. Hətta hər hansı yolla teatrlara yol tapsaydınız belə sanballı tamaşalar ortaya qoymaq çətin idi. 1985-86-cı illərdə mənim Tiflisə “Kukla teatrları” festivalına getmək şansı əldə etdim. Orada Marionet Teatrı yeni yaradılmışdı, cəmi 2-3 il olardı. Repertuarında da mən bilən bir tamaşa var idi. Mən o tamaşanı izlədim və mənə çox müsbət təsir etdi.
Düşündüm ki, böyük səhnəsi olan teatrlarda tamaşa hazırlamaq çətindirsə, miqyas daha kiçik olan teatrda tamaşa ortaya qoymaq daha asan ola bilər. Mən Bakıya qayıtdıqdan sonra bu teatrı yaratmaq qərarına gəldim.
– İlk atdığınız addım nə oldu? Çünki, bu ideya çox adama tanış deyildi.
– Bakıya qayıdanda məşhur teatr rəssamı Elçin Məmmədov, bəstəkar Cavanşir Quliyev ilə birlikdə üçümüz “Arşın mal alan” tamaşası üzərində işləməyə başladıq. Tamaşa üzərində iş çox ağır və uzun getdi. Çünki bu sahənin texnikasını öyrədən yox idi, internet yox idi ki, dünyada baş verənləri izləyə bilək. Çox az informasiyalar əldə edirdik o da məhdud sayda kitablardan. Bir müsbət cəhət var idi ki, teatrın ölçüləri çox kiçik və yığcam idi.
– Marionet Teatrının ölçüləri nə qədər olur?
– Teatrlarda səhnənin dekorasiyası üçün 100 metrlərlə parça lazım olursa, Marionet teatrında cəmi 1-2 metr parça lazımdır ki, dekorativ düzəlişlər edək. Bundan başqa yoldaşlarımız, dostlarımız da bizə dekor məsələlərində çox kömək edirdilər. “Arşın mal alan” tamaşası estetik cəhətdən 20-ci əsrin havalarını yaradırdı deyə, köhnə nimdaş paltarlar, çəkələklər, geyimlər gətirirdilər.
– Tamaşanın hazırlanması ortalama nə qədər müddət çəkir?
– “Arşın mal alan” tamaşası bizim ilk işimiz idi və çox uzun hazırlıq prosesi getdi. Təxminən 4 il yarıma hazırlandı. Əslində bu çox böyük müddət deyil. Çünki Marionet Teatrında tamaşanın hazırlanması başdan sona qədər əl işidir. Təxminən ortalama tamaşaların hazırlanmasına 3 ildən 5 ilə qədər vaxt gedir. Məsələn bizim ikinci tamaşamız “Leyli və Məcnun”un hazırlanmasına 3 ildən bir qədər çox müddət sərf olunub. Baxmayaraq ki, iki tamaşamız arasındakı müddət 25 ildir. Materiallar dəyişib, mühit dəyişib, lakin yenə də zaman əl işlərinə görə uzanır. Hazırda repertuarımızda iki tamaşamız var.
Üstəlik hər iki tamaşa marionet janrında olsa da texniki cəhətdən onlar arasında yerlə göy qədər fərq var. Bu gün “Əsli və Kərəm” tamaşası üzərində işləyirik. Yəqin ki, sentyabrdan tamaşanın bütünlükdə hazırlanmasına start veriləcək və ən yaxşı halda 2 -3 il zaman lazım olacaq. Hətta onu deyim ki, “Aşıq Qərib” tamaşası stilistik, texniki nöqteyi-nəzərindən daha da fərqli olacaq. Bu fərqlilik marionet teatrının kiçik səhnədə böyük imkanlar vəd etdiyini sübut edir.
– Tamaşanın hazırlanmasında neçə nəfər iştirak edir?
– “Arşın mal alan” tamaşasının hazırlanmasında 8 nəfərlik heyət çalışıb. Əvvəl aktyorlarımızın sayı az idi və bir aktyorun zədə alması, səhhətində hər hansı problemin olması tamaşanın təxirə düşməsi ilə nəticələnərdi. Lakin bu gün aktyor sayı 16 nəfərə yaxındır və bu kifayət edir. “Leyli və Məcnun” tamaşası üçün tam başqa aktyor heyəti dəvət olundu, onlarla iş aparıldı. Teatrın yaranmasından bu günə qədər çox çətin yol keçmişik.
Marionet teatrının hazırda yerləşdiyi bina 16 əsrdə inşa edilib. Dörd mərtəbəli bina Bakı Marionet Teatrının istifadəsinə verilənə qədər teatr heyətinin tamaşalarını nümayiş etdirməsi üçün yeri belə olmayıb. Məhz bu səbəbdən də “Arşın mal alan” tamaşasının premyerası Bakıda deyil Fransada keçirilib. 1990-cı ildə Bakı Marionet Teatrına bina verilir lakin bina o qədər yararsız vəziyyətdə olur ki, onun təmiri üçün heç cür maddi imkan olmur. Bu gün isə Bakı Marionet Teatrı öz tamaşaçılarını dörd mərtəbəli yüksək keyfiyyətlə təmir olunan binada qarşılayır.
– Bakı Marionet Teatrı başqa hansı ölkələrdə səfərdə olub?
– Bir neçə dəfə Fransada olmuşuq. Amerikada da bizim tamaşalarımız nümayiş olunub. Səhnə və tamaşaçı nöqteyi-nəzərindən yer tapmaq asan olmurdu. Qastrol səfərlərindən əvvəl bir nəfər nümayəndəmiz həmin ölkəyə gedib tamaşa üçün zallar maraqlanır. Çünki bizim texniki nöqteyi-nəzərdən səhnənin, dekorların qurulması üçün münasib ortam olmalıdır. Eləcə də Isveçrədə 2 həftəlik qastrol səfərimiz olub. Orada Vintertur şəhərində tamaşamız oldu. Marionet teatrına maraq o qədər çoxdur ki, tamaşaya Vintertur şəhərinin 400 km aralıdakı şəhərlərdən, Bazel, Sürix kimi şəhərlərdən tamaşanı izləməyə gəlirdilər.
2013-cü ildə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində nümayiş etdirilən tamaşadan sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Bakı Marionet Teatrının inkişafına dəstək məqsədilə binanın və zəruri vəsaitin ayrılması ilə bağlı tapşırıq verilib.
– Bakı Marionet Teatrında 2016-cı ilin dekabr ayında da təşkil etdiyi tamaşaya ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. İstərdim bu barədə danışasınız.
– Prezident öz ad günündə Bakı Marionet Teatrının qonağı oldu, bu çox qürurverici idi. Həm də həmin gün 2016-cı il dekabrın 24-də ölkə başçısının və xanımının teatrımızı ziyarət etməsi bizim üçün çox xoş oldu. Bu həm də yeni binamızda ilk açılış idi, kiçik tamaşa ilə çıxış etdik. Ondan sonra bir həftə sonra Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşasının rəsmi premyerasını keçirdi. Artıq o vaxtdan 5 ildir ki, tamaşalar veririk.
– Tamaşaların hazırlanması bu qədər çətin və əziyyətli olur. Bəs bilet satışı necə, hansı məbləğdə qərarlaşdırılıb?
– Biz həm korporativ tamaşalar veririk, həm də bilet satışı ilə tamaşalar təşkil edirik. Ümumiyyətlə teatrların bilet satışı ilə maliyyələşməsi mümkün deyil, teatrlar dövlət qayğısı ilə ayaqda qalır. Ümumiyyətlə isə biz dövlət qurumlarının, nazirliklərin xaricdən gələn qonaqları üçün tamaşalar təşkil edirik. Bizim tamaşaçıların böyük əksəriyyəti xaricilər, ölkəmizdəki turistlərdir. Yerli əhalinin bu teatra marağı elə də çox deyil.
Biletlərin qiymətləri 16 manatdan 20 manata qədər dəyişir. Bizim teatrlar digər teatrlardan çox fərqlənir. İstər stilistikası, texnikası, istərsə də mahiyyəti etibarilə seçilir.
– Tamaşaçıların əksəriyyəti xarici qonaqlar və turistlərdir deyirsiniz. Teatrın salonları neçə nəfər üçün nəzərdə tutulub?
– Ən kiçik zal məhz Bakı Marionet Teatrındadır. Salonda 49 nəfərlik yer ayrılıb. Saytımızda da tamaşaya dair izləyici fikirləri yer alıb.
– Marionet Teatrının inkişafı üçün bu sahənin texniki, nəzəriyyə cəhətdən tədrisinin təşkili önəmli olmazdımı sizcə də?
– Təbii ki, yaxşı olardı. Lakin bu teatrın dünyada belə tədris mexanizmi yoxdur. Belə bir universitetlər yoxdur, sadəcə fakültələrin nəzdində hansısa qısamüddətli kursların təşkil edilməsi mümkündür. O da başa düşüləndir, ölkəmizdə elə bir teatr var oda bizik. Dünyada isə Marionet Teatrı A-dan Z-yə qədər yalnız 5-6 yerdə var. Odur ki, bu sahə üçün mövcud vəziyyət normaldır.
Mən özüm belə təkbaşına öyrənmişəm. Marağı olan hər kəsi də qəbul edirik və yetişdiririk.
– Teatrınızın ən gənc və qocaman aktyorlarının neçə yaşı var?
– Ən gənc kadrlarımızı elə keçən il işə qəbul etmişik. Universiteti yeni bitiriblər, yaşları 21 olar. Ən qocaman kadrların isə 60-dan yuxarı yaşları var. Onlar maraqla çalışırlar.
– Kukların hazırlanması və onlara ayrılan vəsaitlər nə qədərdir?
– Bir kuklanın hazırlanması 4 ayda çəkə bilir. Obraz olaraq bu tamamilə əl işi olduğu üçün başa düşüləndir. Elə olur ki kuklanın üz cizgiləri lazım olan obraza uyğun olmur və bu zaman yenidən hazırlanır. Elə olub ki, bir obraz üçün 4 dəfə kukla hazırlamışıq. Vəsait məsələsi isə standart deyil, çox bahadır.
Adi kukla teatrlarında istifadə edilən kuklaların hazırlanması üçün lazım olan vəsaitdən 10 dəfə baha başa gəlir. Çünki bu kuklaların hazırlanmasında istifadə edilən texnikanı çox adam bilmir. Adamlar da az olduğundan, keyfiyyətli iş istəyirsənsə, vəsait xərcləyəcəksən. Ümumiyyətlə bu işlə bağlı dünyada keyfiyyətli marionet kuklası hazırlayan 2-3 nəfər var. Ortalama desək, bir marionet kuklasının A-dan Z-yə yüksək səviyyədə hazırlanması 7 min dollardan 10 min dollar arasında dəyişir.
Bu gün Bakı Marionet Teatrının yerləşdiyi bina 19-cu əsrin ortalarında inşa olunub. Səlimxanovlar ailəsinin binası olub. Sovet dövründə adi yaşayış binası kimi istifadə edilib. 1960-cı illərdə binada güclü yanğın olub və 1-ci mərtəbədən başqa bütün mərtəbələr yarasız hala düşüb. 50 il sonra isə atılmış bina kimi ortada qalıb.
– Yeganə teatrdır ki, Mədəniyyət Nazirliyinə tabe deyil. Teatrla bağlı maarifləndirici, təbliğat xarakterli tədbirlər həyata keçirilirmi?
– 1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə verilib. 2013-cü ildən isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil edilib. 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi. Teatrın məramı Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. “İçərişəhər” büdcəsinin bir hissəsi də teatra ayrılır. Bu istiqamətdə görülən işlər belədir.
– 25 ildir fəaliyyətini qoruyub saxlaya bilibsə, deməli bu teatr mədəniyyət üçün vacibdir, elə deyilmi?
– Əlbəttə, görünən odur ki, Marionet teatrı lazımdır. Azərbaycana, mədəniyyətimizə bu cür nadir teatr nümunələri yaraşır. Onsuzda sayı çox azdır. Düşünürəm ki, məhdud sayda olması onun qorunub saxlanması üçün elə ən vacib nüanslardan biridir. Azərbaycanda da bu teatrın olması ölkəmizin adını dünya mədəniyyətinə dair məsələlərdə önə çıxarır.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev
www.RIA24.az