“Direktorumuz dedi ki, “bax, sən çıxıb getsən, qayıdanda səni götürməyəcəm”, fikir vermədim, çıxıb getdim. Və hansısa bir mədəniyyət evində direktor vəzifəsinə çalışdım. Altı ay dözə bildim, sonra ərizəmi yazdım”.
Səhnədə izlədiyimiz aktyorların şəxsi həyatı hər zaman diqqət mərkəzində olur. Yaratdıqları obrazların şəxsi xarakterləri ilə nə qədər bənzəməsi isə müzakirə mövzusudur. Ümumiyyətlə, aktyoru tamaşaçıya sevdirən – yaratdığı obrazın mənfi və müsbət olması deyil, həmin obrazın haqqını verərək oynamasıdır.
Bu mənada hazırladığımız yazı aktyor olmaq istəyənlərin ürəyincə olacaq. Üstəlik, imtahan ərəfəsində elə aktyor yetişdirən bir sənətkarın – Rəşad Səfərovun sənətin sirləri, çətin və görünməyən tərəfləri barədə söhbəti seçimini dəqiqləşdirmək istəyənlər üçün mayak rolu oynaya bilər.
Oxu.Az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov ilə müsahibəni təqdim edir:
– Sizdə aktyorluğa marağı yaradan kim və ya nə olub?
– Mən yeddinci-səkkizinci sinifdə oxuyarkən dərsdən gəlirdim evə, çarpayımın altında bir vanna oyuncaqlar var idi. Onlardan səhnəciklər hazırlayırdım, dialoqlar yaradırdım. Valideynlərim bəzən buna görə dəli olduğumu düşünürdülər. Bilmirdilər ki, bu uşaq həvəsi olan bir istiqamətə can atır.
“Aktyor oldum” sözünü deməyə utanıram. Çünki məndən də yaxşı aktyorlar var. Məndə iki arzu var idi. Mənim atam Qarabağ əlilidir, hərbçi idi. Həmişə o, formasını geyinər, mən də qıraqdan baxar, fəxr edərdim. Bir dəfə gizlincə gedib hərbi məktəbə sənəd verdim, abituriyent vərəqim də artıq hazır idi. Səbirsizlik edib atama hərbiyə sənəd verdiyimi dedim. Həmin gün evdə qırğın düşdü, əsəbiləşdi, masa göydə oynadı. Atam həmin vaxt yaralanıb gəlmişdi, istəmirdi ki, mən də həmin odun-alovun içində olum. Abituriyent vərəqimi cırdı. Yenidən sənədlərimi yığdım, qaçdım İncəsənət Universitetinə imtahan verdim və qəbul oldum.
– Həm teatr, həm də kino sahəsində fəaliyyət göstərmisiniz. Bunlar arasındakı fərqlər nələrdir?
– Hər ikisi mənə ruhən rahatdır. Çünki mən kinosuz da, teatrsız da qala bilmirəm. Amma teatr mənim üçün bir məbəddir. Mən tələbələrimə də hər zaman məsləhət görürəm ki, gedin teatrda, tamaşalarda iştirak edin, səhnəyə çıxmağa fürsət axtarın. Böyük sənətkarların hamısı teatrdan gəliblər. Biz teatrda bütün gün məşqlərdəyik, teatr bizi paslanmağa qoymur, daha da sənətə bağlayır.
2014-cü ildə bir səhv etdim, teatrdan ayrıldım. Direktorumuz dedi ki, “bax, sən çıxıb getsən, qayıdanda səni götürməyəcəm”, fikir vermədim, çıxıb getdim. Və hansısa bir mədəniyyət evində direktor vəzifəsində çalışdım. Altı ay dözə bildim, sonra ərizəmi yazdım. Orada mənim üçün maddi olaraq hər şey yaxşı idi. Ancaq mənə bu lazım deyildi, mənə sənət lazım idi.
Mən teatrımın yanından keçəndə elə vaxt olub ki, ağlamışam. Sosial şəbəkələrdə görürdüm ki, o rolu artıq başqasına veriblər, pis olurdum. Özümə görə pis olurdum ki, “sən haradasan”? Yaxşı mənada qısqanclıq var idi. Və mən yenidən teatrıma qayıtmaq qərarına gəldim. Keçmiş direktorumuz Mübariz müəllim sağ olsun, məni yenidən qaytardı teatra. Buna görə mən ona borcluyam.
– Niyə aktyorluq?
– Hərdən özümə bu sualı verirəm və bir cavab tapıram – Allahın qisməti. Yəqin ki, mən bu sənətə görə doğulmuşam. Mən universitetə qəbul olduğum zamanlar aktyorlara baxırdım, düşünürdüm ki, “görəsən, bunlar doğrudan da insandırlar?” Onları efirdə görmüşdüm, ancaq yaxından ilk dəfə görürdüm. Tələbə vaxtlarımda birinci kursda aktyorlarımız universitetə gəlib-gedərdilər. Mən onları qıraqdan görüb sevinərdim, “ay da… Telman Adıgözəlov, Arif Quliyev, Həsən Turabov…” Onları görürdüm, gəlib sevincək danışırdım ki, mən filankəsi gördüm, ilahi, o necə yeriyirdi, onun necə baxışı var idi… Və vaxt gəldi, özüm artıq bu sənətlə qocalıram.
– İndi sizi görüb, sevinirlər ki, Rəşad Səfərovu gördük.
– Sevinənlər də var, zəhləsi gedənlər də (gülür).
– Yəqin ki, oynadığınız rollara görə…
– Bəli, gözümün içinə baxıb məndən nifrət etdiklərini deyiblər. Deyirlər, biz sizi, nə yaxşı ki, tanıdıq, yoxsa sizə nifrət edirdik. Mən həyatda bir az kövrək adamam. Bu günə kimi bir toyuğun başını belə kəsməmişəm, kəsə də bilmərəm. Çünki ürəyim ağrıyır. İki tərəf arasında mübahisə yarananda çalışıram, su olum, od olmayım. Amma səhnədə, filmlərdə mənfi, çoxşaxəli obrazları çox sevirəm.
– Rolu qəbul etdikdən sonra həmin obraza hazırlıq prosesi necə olur?
– Rolun, obrazın keçmişini axtarırıq. Bu obrazın məqsədi, səbəbi nədir? Bunu axtarıb-tapırıq. Mən tələbələrimə monoloq dərsini keçəndə onlara deyirəm ki, əsəri tam oxuyun. Misal üçün, “Ölülər” əsərində İsgəndərin monoloqu, bəzi tələbələr monoloqu əzbərləyib gəlirlər, əsəri oxumurlar. Bu, bədbəxtlikdir. Ona görə deyirəm ki, əsəri oxuyun, bundan sonra biləcəksiniz ki, İsgəndər kimdir. Sonra sənin bu insanla, əsərlə bağlı çoxlu məlumatın olur və rola hazırlaşmaq da rahat olur.
Obrazı verirdilər mənə, o vaxtlar bütün gün piyada gəzirdim, çox sevirdim piyada gəzintini və məşq prosesini gözümün önünə gətirirdim, “bunu belə edim, bunu belə etsəm, yaxşı olardı, bunu niyə belə etdim və s.”. Bəlkə, qıraqdan kimsə mənə fikir versəydi, düşünərdi ki, bu adamın başı xarab olub. Amma mən içimdə yaşayırdım onu.
Mən dərs keçəndə otaqda böyük sənətkarlarımızın şəkillərini asmışdım ki, tələbələrim də onları görüb, tanısınlar. Müasir aktyorları tanıyırlar, amma bizim keçmiş aktyorlarımızı tanıyan yoxdur. Bu bizim bədbəxtliyimizdir. Dərsdən sonra həmin şəkillərə baxıb öz-özümə deyirdim ki, “sən kimsən, ay Rəşad? Sən kimsən, dərs keçirsən? Bu insanların yanında sən kimsən?” Həmişə o sualı özümə vermişəm.
Bu məqamda aktyorun tələbəsi Babazadə Riyad müsahibəmizə qoşularaq Rəşad Səfərovun müəllim kimi keyfiyyətlərini sadalayır:
– Biz tələbələri ona ustad deyirik. Çünki biz onun sayəsində bu sənəti sevmişik. Onun sayəsində bu sənətə marağımız daha da artıb. Dərs prosesindən danışsaq, bəlkə də, gördüyünüz ən ciddi müəllimdir dərs barəsində. Tam ciddi formada sırf məşq prosesləri olur. Amma sinif otağından addımımızı kənara atdıqda Rəşad müəllim bizim həm dayağımız, atamız, həm də bizə böyük qardaş olur.
Bu sənətə gəlmək üçün çox əziyyət çəkmək lazımdır. Biz Rəşad müəllimin tələbələri olaraq bu sənət üçün əziyyət çəkməkdən daha çox zövq alırıq.
– Rəşad bəy, hazırda bir çox gənc aktyorlar teatrlarda iş tapa bilməməkdən gileylənirlər. Bununla bağlı nə düşünürsünüz?
– Bizim Gənc Tamaşaçılar Teatrı bu yaxınlarda bir çox gənclərə qapılarını açdı. Niyə iş yoxdur ki? İstəyən üçün iş var, sadəcə, bir məsələ var. Sən dörd il kef çək, vaxtını keçir, sonra birdən ayıl ki, a… mən universiteti bitirdim, nə edim indi? Vəssalam, sənin kitabın bağlandı. Gərək vaxtında sənətlə məşğul olaydın, universitet formatında olan tədbirlərdə çıxış edəydin.
– Bir çox valideylər övladlarının aktyor olmaq istəyini bildikdə buna qarşı çıxırlar. Sizcə, səbəb nədir?
– Adımız pisə çıxıb (gülür). Bizim elə aktyor, aktrisalarımız var ki, başlarına and içmək olar. Teatrda çalışıb, öz həmkarı ilə ailə qurmuş o qədər aktyorlarımız var ki, elə mənim də həyat yoldaşım aktrisadır. Düzdür, mən zamanında onu işləməyə qoymadım. Çünki uşaqlar böyüməli idi, onların tərbiyəsi ilə məşğul olmaq lazım idi. Mən də çöldə, o da çöldə, bu uşaqlara kim tərbiyə verəcəkdi? Son bir il ərzində saqqızımı oğurladı, artıq işləyir. Qıraqdan baxıb deyirlər ki, “əşşi, aktrisadır, yox, bunu mən oğluma ala bilmərəm”. Axı niyə? Köhnəfikirli insanlardır.
– Əsl aktyorun gülüşü tamaşaçılarda sevinc doğurduğu qədər göz yaşları da ağlatmalıdır. Bəs ağlama səhnəsində izləyiciyə duyğuları necə hiss etdirmək olar?
– Bizim aktyorlar özləri ağlayırlar. Heç bir göz damcısından istifadə etmirlər, içi mən qarışıq. Bizim bir tamaşamız var idi, “Əcəl atı”, Qarabağ mövzusunda idi. Orada bir səhnədə artıq ermənilər gəlirdilər və biz kənddən çıxmalı idik. Epizodların birində mən ağlayıram, torpağım üçün ağlayıram. Həmin an artıq müəyyən fantaziyalardan istifadə edirsən. Düşündüm ki, uşaqlarım erməni tankının qabağında qaçırlar, mən isə ölmüşəm, mənim ruhum onlara kömək edə bilmir. Mən öz uşaqlarıma çox bağlı insanam, bunu düşünüb o qədər pis oldum ki, hönkürüb ağladım. Hətta həmin epizod bitəndə də tir-tir əsirdim, özümü saxlaya bilmirdim.
– Rəşad bəy, bu gün üçün yaşayan insansınız, yoxsa sabahınızı da düşünürsünüz?
– Mən həm keçmişim üçün, həm də gələcəyim üçün yaşayıram. Keçmişim üçün ona görə yaşayıram ki, deyirəm, “Rəşad, qudurma, keçmişini unutma”. Keçmişimə baxıb, gələcəyimə addım atıram. Bu gün üçün yaşamamışam heç vaxt. İnsanlar var ki, bu gün üçün yaşayırlar. Elə mahnı var ki, klassik əsərdir, bu günə kimi sevilir. Amma elə bir mahnı var ki, tez populyar olur, tez də sönür. İnsanlarda da bəzən o cürdür – tez alışan tez də sönür.
– Rasim Balayev, Fuad Poladov, Nəsibə Zeynalova… – belə sənətkarlarımız yenidən doğulacaqmı?
– Onlardan yaxşı da ola bilərlər, pis də. Amma onlar kimisi bir də olmayacaq, onlar öz imzalarını atıb getdilər.
Mən tələbə vaxtlarımda Rafael Dadaşova çox bənzəyirdim. O zaman AzTV-nin bir rejissoru var idi, mənə dedi ki, gəl bir veriliş edək. Soruşdum, “nə verilişidir”? Dedi ki, Rafael Dadaşov və sən, “sənətə ikinci Rafael Dadaşov gəlir”. Dedim, yox, mənim o insana böyük hörmətim var, gözəl sənətkarımızdır. Amma mən istəsəm də, o insan ola bilmərəm. Heç istəmirəm də. Çünki niyə Rəşad Səfərov gəlməsin? Hər kəs gərək öz siması, öz adı üçün çalışsın. Sən kimsən? Rəşadsan və Rəşad kimi də addım atmalısan, vəssalam.
– Aktyor sənətinə yönəlmək istəyənlərə məsləhətiniz?
– Bu sənət olmayıb, başqa bir sənət olsun, fərqi yoxdur, hansı işi görürlərsə, sevərək görsünlər. Teatrı sevsinlər. Kino, film, serial – bunlar hamısı olacaq. Amma teatrı sevməsən, heç biri alınmayacaq. Sevinirəm ki, sənəti sevənlərimiz, sənətə dəyər verənlərimiz çoxalır, bu da bizi çox məmnun edir.
Dilşad Bəhruzqızı
www.RIA24.az