Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Azərbaycanın mədəniyyət paytaxtında tamaşa nümayiş etdirib.
“Report” xəbər verir ki, teatr M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyub.
Tamaşa Qala şəhərin Tut bağı adlanan ərazisində açıq havada təqdim olunub.
Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra şəhərdə nümayiş etdirilən ilk səhnə əsəridir. Ümumilikdə isə Şuşa Dövlət Musiqili Dram Teatrı 73 ildən sonra ilk dəfə Şuşada tamaşa nümayiş etdirib.
Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər.
Azərbaycan Nazirlər Kabineti 1990-cı il 11 may tarixində mədəniyyət ocağının bərpa olunması barədə qərar verib.
1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda – Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cü il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili əsərini səhnəyə qoyub.
Şuşa teatrı hazırda Bakıdakı “Savalan” kinoteatrının binasında fəaliyyət göstərir.
www.RIA24.az