“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə əvvəlki müsabiqələrdən fərqli təşkil olunub” – RƏY + FOTO

Mədəniyyət

“Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin çox mühüm əhəmiyyəti var”.

Bunu “Report”a “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib.

O, Şuşa şəhərinin 270 illiyi münasibətilə təşkil olunan müsabiqəni çox önəmli bir hadisə hesab edib:

“Müsabiqənin keçirilməsində məqsəd bu istiqamətdə çalışan fəal qeyri-hökumət təşkilatlarının həm ölkə daxilində, həm ölkə xaricində Şuşa şəhərinin təbliği, eyni zamanda burada erməni vandalizminin diqqətə çatdırılması məsələsidir. Bunun da çox mühüm əhəmiyyəti var. Ümumilikdə götürəndə bu müsabiqə yeni bir qayda ilə həyata keçirildi, yəni sənədlər elektron şəkildə qəbul olundu. Mən qeyri-hökumət təşkilatı rəhbəri kimi bütün müsabiqələrdə iştirak edirəm”.

Faiq İsmayılov həmçinin bu müsabiqənin əvvəlki illərdə keçirilən müsabiqələrlə fərqindən də söz açıb:

“Bu müsabiqənin fərqi onda idi ki, burada ekspertlərlə üzbəüz və açıq şəkildə öz fikirlərimizi ifadə edirdik. Biz əsaslandırırdıq ki, bu layihə nə üçün əhəmiyyətlidir və nəyə görə biz buna müraciət edirik. Bu hal birinci dəfə idi və ilk dəfə üçün olduqca yaxşı idi. Bu iş həm də ekspertlərlə müəlliflər arasında yəni, layihə rəhbəri arasında şəffaflığa gətirib çıxarır. Qarşı-qarşıya dayanırsan və öz sözlərini ona ifadə edirsən. Amma Şuranın (Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nəzərdə tutulur – redaksiya) dövründə ekspertlərin üzü görünmürdü, onlar pərdə arxasında olurdu. Kimlərin ekspert olduğunu müəyyənləşdirmək olduqca çətin idi və layihə rəhbərinin bundan xəbəri olmurdu. Bu baxımdan müsabiqənin bu qayda ilə keçirilməsi daha da əlverişlidir”.

“Eşitdiyimə görə, qeyri-hökumət təşkilatları var ki, buna narazılıq edirlər. Bu istiqamətdə mən özüm açıq danışıram və açıq şəkildə elan edirəm ki, mənim layihəm qarşılığında istənilən şəxslərlə mən oturub diskussiya apara bilərəm. Mənim hazırladığım layihə istiqamətində kimsə bir oxşar layihə yarada bilərsə, mən böyük bir məmnuniyyətlə öz layihəmi güzəştə gedə bilərəm. Digər layihələrə cavabdehlik daşımıram. Çünki hər layihə rəhbərinin öz fikirləri var. Mənim işlədiyim layihə heç bir layihələrə oxşamır. Bu layihə sırf mənim özümə, erməni vandalizminə sırf Şuşadakı Azərbaycanın mədəni irsinin dağıdılmasının, məhv edilməsinin araşdırılmasına aiddir. Bu işi məndən daha yaxşı kimsə araşdıra bilməz”, – F.İsmayılov əlavə edib.

Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələri Şuşada elan edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir