Salyan Dövlət Kukla Teatrı Muğan bölgəsinin yeganə peşəkar teatr müəssisədir. 1994-cü ildən dərnək səviyyəsindən Dövlət Teatrına çevrilə bilib. 30 nəfərlik kollektivə malik teatr müasir 200 nəfərlik tamaşa zalına, kukla və dekorasiya hazırlama sexinə malikdir. Teatr hazırda iki problemlə mövsümü başa vurur. Bunlardan biri savadlı və nəzəri hazırlıqlı aktyorların yetişdirilməsidir ki, bu məsələ ümumiyyətlə bölgə teatrlarının yaranması və inkişafına ciddi təkan verə bilər.
Teatrın hazırladığı tamaşalar təkcə Salyanda deyil, həmçinin Lənkəran, Şirvan, Neftçala, Biləsuvar, Cəlilabad, Saatlı, Hacıqabul və digər rayonlarda da göstərilir. Teatrın rejissoru Rafiq Mirzə kadr hazırlığını əsas saymaqla, kukla teatrı üçün spesifik dramaturgiyanın vacibliyini önə çəkir.
Salyanda uzun müddət Dram Teatrı da mövcud olub ki, məhz burada Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov kimi məşhurlar ilk addımlarını atıblar. Kuklaları insan dilində danışdıran sözügedən müəssisədə fəaliyyət göstərən 10-dan çox aktyor isə fitri qabiliyyətləri ilə bura yol tapıblar. Necə deyərlər, aktyorluq və səhnə sevgisi qanlarındadır. Lakin peşəkar kadra çevrilmələri, inkişaf etmələri üçün nəzəri təhsilə ehtiyacları var.
İnsanlar hər nə qədər internet-virtual məkana aludə olsalar da, teatrın verdiyi həzz əvəzedilməzdir. Bölgənin mədəni həyatında rol oynayan müəssisələrin qorunması vacibdir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.RIA24.az