92 il əvvəl Şuşada toxunan xalçanın təqdimat mərasimi keçiriləcək.
Bu barədə Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib.
Bildirilib ki, mərasim iyulun 6-da Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq:
“Xalçanı Ağsaqqallar Şurasının sədr müavini, Prezidentin fərdi təqaüdçüsü, ilk ombudsman, professor Elmira Süleymanova muzeyin Şuşa filialına hədiyyə edib. “Ləmpə” adlanan xalça 1930-cu illərdə Şuşada toxunub. Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu.
“Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir. “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub-saxlayır”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə Xalça Muzeyinə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.
www.RIA24.az