Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Urfan Cəfərov “American Protégé-2022” beynəlxalq vokal müsabiqəsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytında yerləşdirilib.
Nyu-York şəhərində baş tutan müsabiqədə 21 ölkənin – ABŞ, Azərbaycan, Avstriya, Kanada, Bosniya və Herseqovina, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Şri-Lanka, Tailand və Ermənistanın vokal ifaçıları iştirak ediblər.
Müsabiqə böyük rəqabət şəraitində özünü sınamaq istəyən müğənnilər üçün nəzərdə tutulub. Bu mövsümdə münsiflər heyəti üzvlərinin tələbələrinə müsabiqədə iştirak etmək icazəsi verilməyib.
Müsabiqədə ilk dəfə olaraq Azərbaycan təmsilçisi Urfan Cəfərov uğur qazanıb. 26 yaşlı soydaşımızın səsi və səhnə mədəniyyəti münsiflər heyətini heyran edib. Müsabiqənin müxtəlif kateqoriyalar üzrə qaliblərinə, o cümlədən Urfan Cəfərova “Karnegi Hall”da keçiriləcək qala-konsertdə iştirak etmək və bir solo-konsertlə çıxış etmək imkanı yaradılıb.
Qeyd edək ki, Urfan Cəfərov 2-5 dekabr 2021-ci il tarixlərində Ukraynanın Truskavets şəhərində keçirilən Müslüm Maqomayev adına IV Beynəlxalq vokalçılar müsabiqəsinin də qalibi olub. Həmin müsabiqə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının təşkilatçılığı ilə baş tutub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Urfan Cəfərov xalq artisti, tanınmış vokal ifaçısı Xuraman Qasımovanın tələbəsi olub. Respublika və beynəlxalq müsabiqələr laureatı, gənc opera müğənniləri arasında Avropa çempionudur.
www.RIA24.az