Teatrı kim öldürüb? – “Sənətin qüdrəti zalda 500 adamın olması ilə ölçülmür” + FOTO

Mədəniyyət

“Tamaşa zamanı zalda 500 nəfərin olması nə tamaşanın yüksək keyfiyyətli olmasının, nə aktyorların güclü olmasının, nə də teatr sənətinin qüdrətinin göstəricisidir”.

Bunu daha bir teatr mövsümünün sonunda ötən dövrü Oxu.Az üçün dəyərləndirən teatrşünas Xəyalə Rəis deyib. 

Bizdə belə bir fikir formalaşdırılıb ki, Azərbaycanda nəinki gənc nəsil, heç yaşlılar arasında da teatra qarşı həvəs yoxdur, bu mədəniyyət ocağına üz tutanların sayı olduqca azdır, artıq çoxluq teatrları kinoteatrlarla əvəzləməyi üstün tutur. Bu nəticəyə gəlməyimizdə, bəlkə də, getdiyimiz tamaşalarda yerlərin az qisminin dolu olması müəyyən qədər rol oynayıb.

Əsas səbəbi cəmiyyətin digər fərdlərinin dilindən öyrənmək üçün müxtəlif zamanlarda sorğu keçirdikdə isə tamam fərqli məqamlarla qarşılaşmışıq. Əksəriyyət bilet qiymətlərinin bahalığından, maddi vəziyyətinin isə ürəkaçan olmamasından gileylənib.

Lakin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci teatr mövsümünün bağlanışı ilə əlaqədar keçirilən qala-konsertində öyrəşmədiyimiz mənzərə ilə qarşılaşdıq. Bütün zal tamaşaçılarla dolu idi, üstəlik bu dəfə heç kim əlində telefonla dayanmırdı, yəni insanlar tamaşaya onu çəkib paylaşmaq üçün yox, sənətdən zövq almaq məqsədilə gəlmişdilər. 

Xəyalə Rəisin sözlərinə görə, bu gün məhz teatrın yolunu tanımayan, teatrlarda hansı hadisələrin baş verməsindən xəbərdar olmayan adamlar teatrın öldüyünü iddia edirlər:

“Bu gün teatrlarımızda maraqlı tamaşalar səhnəyə qoyulmur”, “Əvvəlki aktyorlar yoxdur” kimi fikirlər səsləndirənlərdən sonuncu dəfə nə zaman teatra getmisiniz deyə soruşanda bildirirlər ki, 10-15 il bundan qabaq teatra gedib hansısa tamaşanı izləyiblər. Əgər hazırkı zamanda teatra gedib oradakı prosesdən xəbərdar deyilsinizsə, siz haradan bilirsiniz ki, bu gün teatrlarda yaradıcı mühit yoxdur? 

Komediya, yüngül şou tamaşalarında hər zaman zalları dolu görürük. Məgər bu sənətdirmi?  İnsan var ki, onun teatr haqqında heç bir bilgisi, marağı yoxdur. Onun teatra gəlməyinin nə mənası? “Teatr tənəzzül edir” deyən adamlar gerçəkliyi görmürlər. Teatr canlı sənət növüdür, canlı orqanizmdir. Əlbəttə ki, onun uğurları da, çatışmazlıqları da olub və olacaq da. Tarixin ən çətin dönəmlərində belə “teatr ölüb” deyən insanlar bu gün həyatda yoxdurlar, amma teatr var, hələ də yaşayır”.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir