“Deyirlər, sən kino adamısan, get, kinonu çək. Deyirəm, elə kino da reallıq üstündə qurulur. Mənim kinom Azərbaycan xalqının mənəviyyatıdır, əxlaqıdır, mədəniyyətidir, tarixidir, ideologiyasıdır. Siz bunların hamısını murdarlayırsınız, çirkaba batırırsınız. Biz nədən danışaq? Danışmaya-danışmaya hara gedirik? Cəza olmalıdır, xalqın sərvətinə, onun şəhidinə, qazisinə xəyanət edən adamlar edam olunmalı, güllələnməlidirlər”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov son günlər bəzi dövlət qurumlarında təmizləmə əməliyyatlarından sonra daha hansı sahələrdə problemlərin olmasından danışarkən deyib.
Xalq artisti mədəniyyət sahəsində də bu cür təmizləmələrə ehtiyac olduğunu qeyd edib:
“İyirmi ildir rüşvətə, korrupsiyaya qarşıyam. Azərbaycan xalqını nə qədər talamaq, çapmaq olar? Mən bunun davasını çoxdan edirəm və buna görə də döyülürəm, söyülürəm. Bunlar məgər bizdən deyillər, bunların qanı, əxlaqı, südü, torpağı, havası bizdən deyil? Əgər bizdəndirsə, onda niyə bu xalqa qənim kəsiliblər?
Mənim məhəlləmdə üç nəfər ştat dilənçisi oturur … Bəlli olur ki, xalqın milyardları var imiş, kimlərinsə evində, kimlərinsə cibində, kimlərinsə bankında. 10 milyon verib xarici ölkələrdə niyə villa alırlar, niyə biznes qururlar? Ona görə ki, işləri ilişən kimi qaçıb gedəcəklər. Biri var ki, bilməyəsən, amma bunların adı bəlli, işi bəlli, yeri bəlli. Bəlli olan bu cinayətkarları yığışdırmaq lazımdır, artıq bəsdir. Bu insanlar xalqın gözünün qarşısında güllələnməlidirlər ki, o biri şərəfsiz də baxsın ki, adamı öldürürlər, qorxsun!”
Kinorejissor illərdir yaşadığı mənzil probleminə bir daha diqqət çəkib:
“Xəyanətin başında böyük maraqlar durur, əzabı isə xalq, camaat, insanlar çəkirlər, məhv olub gedirik. Mən bu gün Xalq artisti, dövlət mükafatı laureatı olaraq əlimdə üç məhkəmə qətnaməsi ilə damda yaşayıram. Niyə? Ayıb deyil? Əlimdə üç məhkəmə qətnaməsi var, zibil qutusuna atdılar ki, bu bizim üçün qanun deyil. Nəyə görə normal, mənəviyyatlı vətəndaşlar qalıblar qıraqda, çirkab adamlar doldurulur hər yerə? Heç kim bir vəzifədə beş ildən artıq işləməməlidir”.
Dilşad Bəhruzqızı
www.RIA24.az