Adları titrlərdə yanaşı gedən cütlük: 30 illik xoşbəxt evliliyin sirri – MÜSAHİBƏ + FOTO

Mədəniyyət

Sevgili olduğu vaxtlarda həyat yoldaşına “istəyirəm böyük evim olsun, sən də onun kraliçası olasan” deyirmiş. Evlənirlər, amma 20 il nə evləri olur, nə də kraliçalıq yada düşür. Ancaq xanımı “Həmişə bilmişəm ki, mən onun qəlbində qurduğu sarayın kraliçasıyam. Bunu hər zaman mənim üçün etmək istəyib. Mənə elə gəlir ki, indi də istəyir” deyir (gülür).

Bu il evliliklərinin 30 ili tamam olacaq.

“Kaspi” qəzetinin əməkdaşı aktyor, rejissor Abdulqəni Əliyev və həyat yoldaşı, ATV telekanalının redaktoru, mədəniyyət yazarı Lalə Əliyeva – yaradıcı cütlüklə ailələri haqqında söhbətləşib.

Tanışlıqları necə olub? Öncə A.Əliyev danışdı. Çünki ilk qarşılaşdıqlarında Laləyə o diqqət edib, Lalə ona yox: “Moskva Kinematoqrafiya İnstitutuna qəbul olunmuşdum, hamı deyirdi ki, burada azərbaycanlı Elxan Cəfərov də var, indi əsgərlikdədir, gəlsin, onunla dostlaşacaqsan. Həqiqətən də, Elxanla həm dost olduq, həm də otaq yoldaşı. Bir dəfə gedəsi yerimiz var idi, dedi ki, mamamgil Moskvadadır, gedək onlarla görüşək, tez çıxarıq. Onda orada bir qız gördüm (Elxanın bacısı), heç mənə tərəf baxmırdı. Elə ilk görəndə xoşuma gəldi. Üstündən bir neçə ay keçdi, Bakıya qayıtdıq, Elxangilə qonaq getdim və o qızı yenidən gördüm”.

Lalə isə Abdulqənini Moskvadakı görüşdən xatırlamadığını, yalnız tətil vaxtı evlərinə qonaq gələrkən tanış olduğunu deyir: “30 ildən çox keçir… O vaxt hər şey başqa cür idi. Qızın başını qaldırıb kiməsə diqqətlə baxması ədəbsizlik sayılırdı. Sonra tətilə gəldilər, Abdulu Elxanın yaxın dostu kimi tanıdım”.

Lalənin anası (mərhum televiziya jurnalisti Mailə Muradxanlı) “Mənim aktyora veriləsi qızım yoxdur” deyirmiş: “Elxanın dostları bizə tez-tez gəlirdilər. Anam arada deyirdi ki, oğlum, dostlarını evə çox gətirmə, birdən bacın birinə aşiq olar. Bizim aktyora veriləsi qızımız yoxdur ha (gülür). Elə oldu ki, anamın ən böyük qorxusu çin oldu. Oğlu aktrisa, qızı aktyorla ailə qurdu”.

L.Əliyeva deyir ki, daha yaxından tanışlıqları Yuğ teatrında olur: “Mən jurnalistikada təhsil alırdım, demək olar ki, hər həftə Yuğ teatrına, Vaqif İbrahimoğlunun yanına gedirdim. Vaqif müəllim ustadımız idi. Bizə təkcə sənəti, teatrı öyrətmirdi – mənəvi təkamülümüz Vaqif müəllimlə bağlıdır. Elə oldu ki, Elxanla Abdul Moskvadan qayıdanda Yuğ teatrında işə başladılar və beləliklə, “bir qazanda qaynamalı olduq”. Abdul həmin il Moskvadan gələn qrupda hamıdan istedadlı idi (mənə görə). Ola bilməzdi ki, mən bu istedadı görməyim, dəyərləndirməyim”.

Abdulqəni evlənmək təklifini qızılgül dəstəsində gizlətdiyi “məxfi məktubla” edir: “1991-ci il idi, institutu təzə bitirmişdik, Türkiyəyə qastrola gedirdik. Yola çıxmağımıza bir saat qalmış gül dükanına qaçdım. Bir dəstə qızılgülü qaranəfəs Laləyə verdim və çıxıb getdim”.

Lalə artıq bilirdi ki, Abdulqəni qayıdanda ona cavab verməlidir: “8 sarı, ortasında 1 qırmızı gül var idi. Kim buketi görürdüsə, “bu, adi çiçək dəstəsi deyil, məktubdur” deyirdi. “Məktuba” cavabım, təbii ki, müsbət oldu. Fikirləşdim ki, yəqin mənim qismətim budur”.

Ancaq Abdulqəni “Ailə adamı” olduğunu düşünmürmüş. “Elə bilirdim ki, ailə üçün yaranmamışam” deyir. L.Əliyeva həyat yoldaşını ailəyə alışdırmaq üçün bu gün də çalışır: “Anası elçi gələndə təsdiq elədi ki, Abdulun qərarı ömürlük subay qalmaqmış. Onu fikrindən nə döndərib, çox maraqlıdır. Ailəyə alışması zaman aldı. Evliliyimizin ilk illərində məni anasının yanında qoyub, gecə yarısına qədər dostları ilə gəzirdi. Onu ailəyə alışdırmaq üçün bu gün də çalışıram (gülür). Gah mənim, gah da Abdulun fədakarlığı ilə ailə olduq”.

Yaradıcı adamların qurduqları ailələrin ömrü çox vaxt qısa olur. Lalə xanım deyir ki, onların da çətinlikləri olub: “Yaradıcılıqla məşğul olan cütlüklərin ittifaqları adətən ağır sınaqlara davamsız olur. Sənət adamlarının evlilikləri kövrəkdir, tez dağılır. Çünki hərənin öz ambisiyası, eqosu, fikri var. Bizim həyatımızda çox çətinliklər olsa da, hər halda, öhdəsindən gəldik.  Abdulla bütün fikirlərimiz ortaqdır”.

Abdulqəninin fikrincə, qəlb və ağıl vəhdət təşkil etməsə, münasibətin ömrü çox çəkmir: “Bir müdrik deyib ki, Qərbdə beyin, Şərqdə ürək öndədir. “Hansı yaxşıdır” sualını verəndə cavab verib ki, ikisinin vəhdəti. Ailənin də davam etməsi üçün tək ağıl kifayət eləməz, qəlblər arasında bağlılıq, rabitə olmalıdır”.

Lalə xanımın sözlərinə görə, onun bütün işlərində həyat yoldaşının, Abdulun uğurlarında da onun payı var: “Bütün telelayihələrimdə yanımdadır, Abdulun rejissor imzası var. Məni müəllif kimi ən yaxşı o hiss edir. Televiziyada hazırladığımız verilişlərdə, çəkdiyimiz sənədli filmlərdə adımız titrlərdə yanaşı gedir. Mən ssenari müəllifi, Abdul rejissor. Onun quruluş verdiyi tamaşalarda mənim də qatqım var. Ya balaca səhnə yazıram, ya o hekayəni Abdula mən oxumuş oluram. Bizim əməkdaşlığımız, fikir ortaqlığımız həyat yoldaşı olmağımız şərtidir. Bizim üçün ailə anlayışı ikimiz və övladlarımızdan ibarət deyil. Dost mühiti, çevrəmiz də bura daxildir”.

Əməkdaşlıqları yaxşı tutur. A.Əliyev deyir ki, həyat yoldaşının fikri onun üçün çox önəmlidir: “Bir az eqoistcəsinə deyim, əvvəl Vaqif İbrahimoğlunun fikri mənim üçün maraqlı idi. İndi ətrafımda olanların arasında “gördüyüm iş xoşuna gəlsin” dediyim adam Lalədir. Mənə elə gəlir ki, çoxdan özünütəsdiqdən özünüdərkə keçmişik. Bəlkə də səhv edirəm…”

Ən böyük mübahisələri də elə yaradıcı müstəvidə olur. A.Əliyev deyir ki, ilk olaraq Lalə xanımın iradlarını qəbul etmir və mübahisə yaranır: “Məsələn, deyir ki, bu hissə belə olmalıdır. Qırğına çıxıram ki, düz demirsən. Gedib siqaret çəkirəm, düşünürəm və sonra gəlib deyirəm ki, düz deyirsən. Bəzən isə deyir ki, mənim dediyimə fikir vermə, əslində, hansısa dəyişikliyə ehtiyac yoxdur. Yaradıcı proses belədir”.

L.Əliyeva deyir ki, ondan fərqli olaraq həyat yoldaşı tənqidini daha yumşaq şəkildə deyir: “Nə yazıramsa, birinci ona oxuyuram, nə çəkirəmsə, birinci ona göstərirəm. Abdul həmişə məni tərifləyir. Bir dəfə də kobud irad bildirməyib. Mənimsə dilim acıdır. Sonra hər dəfə deyirəm ki, Abdul, sənə qarşı haqsızlıq etdim. Yaxşı işində birinci çatışmazlıqları görürəm. O isə əvvəl yaxşı tərəfləri deyir, sonra iradı olursa, asta-asta, ehtiyatla, qəlbimi qırmadan, pərt etmədən söyləyir. Şükür ki, yaradıcı müstəvidə olan mübahisələrimiz ailəyə yansımır, sonra gedib bir stəkan çay içirik, yaddan çıxır”.

L.Əliyeva deyir ki, ailələri uzun müddət davam edən evsizlik problemindən, maddi sıxıntıdan da keçib: “20 il evsiz olmuşuq. Əvvəl qayınatamgildə, sonra kirayələrdə. Çox darısqal, narahat bir yerdə qalırdıq. Kasıbçılıq çəkmişik. Hərdən yadıma düşəndə deyirəm ki, bunların hamısına necə davam gətirmişəm? Amma o “quş yuvası” kimi balaca evimizə nə qədər qonaqlar gələrdi. Dostlar o evi necə xoşlayardılar. Neçə illər evimdə 6-dan artıq boşqaba ehtiyac olmayıb. Çünki evə 4 nəfər ancaq sığışırdı. Maksimum 5 nəfər yanaşı otura bilirdi. Amma qapımız da, süfrəmiz də açıq idi. Kimi görsəm, deyirdim ki, gəl bizə gedək. Yolda düşünürdüm ki, axı evdə heç nə yoxdur, qonağı hara aparıram? Sonra gedib soyuducunu açırdım, nədənsə nə isə düzəlirdi, süfrə boş qalmırdı”.

A.Əliyev deyir ki, kasıblığın sınağı asan olmur: “Deyirlər ki, kasıblıq dəhşətli şeydir, qapıdan girəndə bacadan imanını aparar. Zənginlik də bir sınaqdır. İntəhası, kasıblıq sənə seçim vermir, zənginlik isə çox seçim verir. Xanımım bilir ki, mən sənət adamıyam. Çətinlik olanda məni anlamasa, məcbur olub mağaza işlədib evə 5-10 manat pul gətirərəm. Allahın mənə verdiyi istedadı bir kənara atıb pul gələn istiqamətə yönəlməyi məndən tələb etsə, əlbəttə, birtəhər qatlaşaram, amma tədricən içimdən sönərəm. Xanım “narahat olma, birtəhər keçinərik” deyəndə, onsuz da mən narahat oluram, sıxılıram. O görür ki, mən çalışıram, yol tapa bilmirəm. Münasibətləri qoruyanda əvvəl-axır Allah özü bir yol açır”.

A.Əliyev deyir ki, ailədə hər iki tərəf yaradıcılıqla məşğuldursa, bir-birini anlamağa çalışmalıdırlar: “Ola bilər, gecə saat ikidir, Lalə hələ yazır. Mən isə çay içmək istəyirəm. Gecə saat 3-də qəfil durub beyninə gələn epizod haqqında düşünməyin nə olduğunu bilirəm. Lalə deyəndə ki, yemək yoxdur, deyirəm, canın sağ olsun. Bilirəm ki, hansı işin müqabilində bu gün evimizdə, məsələn, küftə yoxdur. Çünki Lalə tarixə, mədəniyyətə, mənəviyyata aidiyyəti olan bir mövzunu təcili efirə çatdırmalıdır. Onun müqabilində bir-iki gün ac qalsaq da olar”.

A.Əliyev həyat yoldaşının gözəl əl qabiliyyətindən danışdı: “Anamın da gözəl əl qabiliyyəti var. Sonra da Lalənin bişirdiklərindən daddım və başqasını bəyənmədim. Bəxtim gətirib. Əlinin duzu olmasaydı, çətin olardı, restoranlarda qalardım”.

Uşaqların tərbiyəsində mülayim ata olan Abdulqəni xanımını sərt valideyn olmağa məcbur etdiyini deyir: “Əgər Lalə sərt olmasaydı, işim çətinləşərdi. Yenə oğlana acıqlana bilirsən, amma qızıma səsimi bir az qaldıranda gözümün içinə elə baxır ki… Çənəsi də əsir, qıya bilmirəm. Deyirəm ki, Lalə, Seyhanla özün danış. Mən uşaqlarla yumşaq davranıram, amma bir şey olan kimi gəlib Laləyə deyirəm ki, qızın filan şey etdi. Əslində, bütün məsuliyyəti onun üstünə atıram”.

Lalə xanım deyir ki, evdə ən böyük mübahisələri uşaqların üstündə düşür.  “Abdul uşaqları çox müdafiə edir, mən isə sərt oluram. Axırda da Abdulla dalaşıram. Deyirəm ki, sözümüz bir olsa, problem yaranmaz”.

“Davamız da olub, küsülü qaldığımız da” deyən A.Əliyev bildirdi ki, küsülülüyün çox davam etməsinə imkan vermirlər: “Düşünürəm ki, incimək bəd duadır. Çalışırıq ki, çox incik qalmayaq. Nəinki bir-birimizdən, heç kimdən. Dostum xətrimə dəyib, küsürəm, amma tez çalışıram ki, aradakı inciklik uzun sürməsin. Üzdən yox, içimdən incikliyi atıram. Çünki məndən ona mənfi enerji gedir. Bu, ona ziyandır”.

L.Əliyeva etiraf edir ki, ailəni qorumaq heç vaxt asan olmayıb: “Bütün ailələr sınaqlarla bərkiyir. Sevgi varsa, imtahanları da olur. İki övladımız var. Birinin 29, birinin 19 yaşı var. Qızımız dünyaya gəlməzdən əvvəl aramızda çox pis gərginlik yaranmışdı. Boşanma ilə nəticələnə bilərdi. Qərara gəldik ki, yeni bir övladla münasibətlərimizi təzələyək. Qızımız oldu, bizi birləşdirdi. Heç kəs xoşbəxt ailə tablosu görəndə “nə bəxtəvərdilər, yəqin, hər işləri düz gedir” deməsin. Bu, illərin zəhmətidir. Ailə kənardan gözəl, rahat görünürsə, deməli, orda iki adamın böyük əməyi var. Əgər münasibətin əsasında sevgi durursa, imtahanlar zamanı yenə o sevgiyə istinad edərək, ondan güc alaraq problemləri həll etməlisən”.

“Məqsədə aparan yolun üstündə kimlər varsa…”

Lalə xanım ailə qurmaq zamanı gələrkən seçim edilməli məsələlər haqda da tövsiyə verdi: “Hər insanın bir məqsədi olmalı, ona doğru əzmlə getməlidir. Qarşıdakı məqsəd onu təkamülə aparmalıdır. Həmin yolda daim nə isə öyrənirsən – dil öyrənirsən, oxuyursan, ünsiyyət qurursan. Get-gedə inkişaf edirsən. Bax məqsədə aparan yolun üstündə kimlər varsa, həyat yoldaşını da onların içindən seçməlisən. Hədəfə aparan istiqamətdə yoldaşın səni irəli çəkməlidir, geriyə yox. Əks halda arzuların ürəyində qalacaq, xoşbəxt olmayacaqsan. Ailə iki nəfər arasındakı “antielektrik”lə əmələ gəlməz. Bu, bir institutdur. Bir-birini sevən, hörmət edən, tamamlayan cütlüklərin ittifaqıdır”.

30 illiyə ən gözəl hədiyyə

Hər ikisi həm ruhən, həm də fizioloji olaraq yaşlarından gəncdirlər. Bunun səbəblərindən danışdıq. Lalə xanım bunu yaradıcılıqla əlaqələndirir: “Mənə elə gəlir ki, televiziyada çalışanlar, səhnəyə çıxanlar gənc qalırlar. Çünki daim axtarışdadırlar, yeniliyə meyilli olurlar. Həmişə zarafatla deyirəm ki, bizi gənc saxlayan gerçəkləşməmiş arzularımızdır. Bizi hərəkətə gətirən daxilimizdəki qüvvə qocalmağa qoymur. İnsanın yeniliyə marağı öləndə qocalmağa başlayır”.

A.Əliyev isə “içindəki uşağ”ı qoruyub saxlamağın vacib olduğunu vurğulayır, deyir ki, gördüyün işdən zövq almalısan: “İndi rəsm çəksəm, nə olacaq?” – deyə düşünmək yaxşı deyil. O an o rəsmi çəkməkdən zövq almaq lazımdır. Anı yaşamağı hamı bacarmır. Bəzən operator deyir ki, “50 manat pul verirlər, ona görə işləməyə dəyərmi?” Amma sən bura gəlibsən, kameranı qaldırıbsan, varsansa, 5 qəpik də, 5 milyon da versələr, o kadrı tutmaq sənə zövq verməlidir. Yoxdursa, 5 milyon da versələr, heç nə alınmayacaq”.

Elə dövrlər olub ki, “uşaqlara görə bir yerdəyik” deyirmişlər. Artıq oğlan evlənib, qız Türkiyədə təhsil alır: “İndi başa düşürük ki, bizi bir yerdə saxlayan övladlar yox, bir-birimizə olan marağımız imiş”.

Bu il evliliklərinin 30-cu ildönümünü qeyd edirlər. Lalə xanım “Abdul, mənə hədiyyə almalısan” dedi. O da “mütləq, alacam” dedi və güldülər. Və əlavə etdilər: “Bu il ilk nəvəmiz dünyaya gələcək, 30 illiyə ən gözəl hədiyyəmiz o olacaq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir