“Səviyyəsiz işlərdə yorulmaq istəmirəm, mən bir-ikisinə çəkildim, çox peşman oldum…”

Mədəniyyət

Xalq artisti Rasim Balayevin Moderator.az-a müsahibəsini təqdim edirik:
– Rasim müəllim, hər zaman fəaliyyətdə olan bir aktyor olmusuz. İndi nisbətən bir az kənara çəkilmisiniz. Səs-küylü günlər üçün, film çəkilişləri üçün darıxmısınızmı? O illərə yenidən qayıtmaq istərdinizmi?
– Bu bir az utopik sualdır. Hara qayıdım? Qayıtmağa yer yoxdur! Geri qayıtmaq mümkün deyil. Yalnız irəli getmək lazımdır. Allah bizi bu koronovirusdan hifz etsin. Kinomuzun gözəl günlərini görmək istəyirəm. Son illərdə Azərbaycan kinosu demək olar ki, fəaliyyət göstərmir. Tək-tük filmlər çəkilir. Arzu edirəm ki, ən azı 70-80-ci illərdəki yaradıcılıq mühiti yenidən yetişsin. Mən o günləri görmək istəyirəm, hətta hansısa bir filmdə bir dənə də rol oynamaq istəyirəm.
– Bu gün sizə filmlərdə çəkilmək üçün yəqin ki, çox dəvətlər gəlir… – Əlbəttə, dəvətlər çox gəlir.
– Bəs niyə çəkilmirsiz? 
– Mən səviyyəsiz işlərdə yorulmaq istəmirəm. Çünki indiki filmlərin və serialların nə başlanğıcı var, nə də sonu. 300-400 seriya serial çəkirlər, bilmirsən bunlar nə etmək istəyir? Sənət əsəri elə olmalıdır ki, müəllif öz fikrini tamaşaçıya təlqin etməlidir. Əgər bu yoxdursa, gənc nəsil ordan bir ibrət götürə bilmirsə bunu niyə çəkirsiz? Bu lazım deyil! 3-5 adam mənfəətinə görə aktyorları da biabır edir. Mən bir- ikisinə çəkildim, çox peşman oldum. Xaltura! Sənətə belə münasibət olmaz. Özümə söz verdim ki, bir də belə filmlərdə çəkilməyəcəm. 
– Müasir çəkiliş setlərində nəyi bəyənmirsiniz?
– Gedirəm serial çəkilişinə, mənə nə boyda mətn verirlər ki, bunu əzbərlə. Aktyora ssenarini öncədən göndərmək lazımdır. Deyirlər ki, tezbazar ev çəkilişini edək, birazdan hava qaralacaq. Mənə belə işlər lazım deyil. Ona görə gözləyirəm və ümid edirəm ki, yaxşı olacaq. Hökümətimiz, cənab prezidentimiz bu sahəyə pul ayırıb, bu diqqətə sözlə yox, öz işimizlə cavab verməliyik. 
– Yetişən gənc nəsil aktyorlardan razısınızmı?
– Tək-tük yaxşıları da var, hamısına pis demək olmaz. O vaxt nəsillərin estafeti var idi. Bu estafet pis-yaxşı bir-birini əvəz edirdi. İndi bu zəncir qırılıb. Mən İncəsənət Universitetinin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma oranın bazası yoxdur.  – Vaxtilə mərhum xalq artisti Nuriyyə Əhmədova da bildirmişdi ki, aktyorluq fakültəsi bağlanmalıdır…
– Bağlanmağını istəməzdim. Siz görün nə günə düşmüşdüsə Xaçmaz, yoxsa Qubada qiyabi kino və teatr aktyorluğu fakültəsi açılmışdı. Belə şey olar? Qiyabi təhsil başqa sənətlərdə olar. Aktyor, rejissor gündəlik məşq etməlidir. Sənət universitetlərində qəbul düzgün aparılmır. Testlə aktyor olmurlar. Aktyorun, müğənninin öncə səsinə, görünüşünə baxmaq lazımdır. Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Bu sənətə təkcə yaxşı ev üçün, villa üçün, maşın üçün, yaxşı pullar üçün gəlmək düzgün deyil. Əgər sən yaxşı sənətkar olsan bunların hamısı gələcək. İndi çox təəssüf ki, iki filmdə çəkilir, istəyir ki, “novastroyka”-da evi olsun, bahalı maşını olsun, belə olmur axı.– Sizcə illər öncə çəkilən “Nəsimi” və “Babək” filmi bu gün yenidən çəkilsəydi,  əvvəlki kimi maraqlı alınardımı, yoxsa zəmanənin təsiri onlardan da yan keçməzdi?
– Vallah onu mən deyə bilmərəm. Bircə onu bilirəm ki,  kinostudiyanın təkcə rejissor və aktyor heyəti yox, fəhləsindən tüstü verəninə qədər olanların hamısı fədai idilər. İndi o fədailərdən yoxdur. İndikilər ancaq pulu fikirləşir.
– Rasim müəllim, puldan söz düşmüşkən, bəs sizin qonorarınız nə qədərdir? Açıqlaya bilərsiz?
– Mən indiyə qədər neçə filmə çəkilmişəm, hələ soruşmamışam ki, mənə nə qədər pul verəcəksiz. O barədə fikirləşməmişəm. Sonra deyiblər ki, sənin maaşın bu qədər olacaq, demişəm ki, olsun. Bizi birinci sənət düşündürür. Təbii ki, bəlli bir qonorarım var, amma onu açıqlamaq mənə yaraşmaz.
– Maraqlıdır, bu illər ərzində sırf film sahəsində olmusuz. Teatrda heç çalışmamısız?
– O vaxt universiteti bitirəndə nədənsə məni teatra götürmədilər. Sadəcə qısamüddətli olaraq universitetimizin nəzdində fəaliyyət göstərən Tədris Teatrında çıxış etmişəm. Mən həmişə demişəm və indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, vaxtı olanda filmlərə çəkilməlidir. 80-ci illərdə Mehdi Məmmədov mənə “İblis” tamaşasında Arif rolunu vermişdi, 5-6 tamaşa oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə mənə “Aydın” tamaşasında Dövlət bəy obrazını verdi. Teatr  ayrı bir zövqdür.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir