Köhnə obrazlar yeni donda: Yazıçılar niyə işlənmiş mövzulara müraciət edirlər? – FOTO

Mədəniyyət

Tarix yaranandan, onunla birgə ədəbiyyat da yaranıb. Çünki ədəbiyyat tarixin sanki tərs üzü, yəni bədii üzüdür. Tarixdə hadisələr xronologiyalarla yazılırsa, ədəbiyyatda bədii şəkildə kağıza köçürülür. Ola bilər ki, əsər tarixi, qəhrəmanlıq janrında olmasın. Amma əsərin süjeti lap sevgi də olsa, yazıldığı dövrün ab-havasını özündə əks etdirir, istər-istəməz baş verən hadisənin ətrafında olanlardan bilinir ki, həmin dönəmdə nələr olub, insanlar necə yaşayıb, nə yeyiblər, nə içiblər, hansı düşüncəyə sahib olublar. Nə isə, bu haqda başqa bir vaxtda danışarıq. İndi söhbətim bu barədə deyil. Lap əvvəllərdən ədəbiyyatda yeni obrazlar, yeni süjet xətti, yeni forma və hadisələrlə yanaşı, artıq yazılmış, tanınmış, müəyyən qədər də sevimli olan obrazlara müraciət etməklə yeni əsərlər yazmaq da yazıçıların marağında olub. Bu baxımdan “Leyli və Məcnun” dastanı üzərindən yazılan yeni versiyaların sayı-hesabı yoxdur. Amma təkcə “Leyli və Məcnun” deyil ki. “Əsli və Kərəm”, “Koroğlu”, “Kitabi-Dədə Qorqud” dastanları da ondan geri qalmır.

Bəs görəsən, bu tendensiya hansı ehtiyacdan doğur? Niyə yazıçılar yeni obraz yaratmaqdansa, artıq yazılmış, işlənmiş mövzulara, indiyə qədər tanınmış obrazlara müraciət edirlər?

Mövzu ilə bağlı “Kaspi” qəzeti yazıçı-dramaturq İlqar Fəhmi ilə həmsöhbət olub.

İlqar Fəhmi deyir ki, yazılmış əsərlərə həmişə müraciət olunub:

“Bir mövzunu götürürsən, məsələn, bir dastandan və ya hər hansı müəllifin əsərindən gələn mövzunu saxlayırsan, sadəcə fərqli bir əsər yazırsan. Və yaxud ona alternativ bir əsər yazırsan, ya da onun davamını işləyirsən. Belə əsərlərimiz çoxdur. Mirzə Cəlildən tutmuş üzü bu yana hansısa ədəbi obrazları götürüb yenidən işləyən yazıçılarımız çox olub. Amma bir də var sırf postmodern yanaşma tərzi. Bu, tamam başqa bir şeydir. Postmodern yanaşma tərzində yazıçı təkcə obrazı yox, ümumilikdə əsəri götürür və həmin süjetə tam əks tərəfdən yanaşır. Məsələn, ilkin versiyada müsbət olan qəhrəmanı yazıçı bu dəfə mənfi tərəfdən təqdim edir. Və ya əksinə, mənfi kimi tanınan məşhur bir qəhrəmanı indi də müsbət kimi göstərir. Bu, daha çox postmodern yanaşma tərzidir. Yəni arxetipləri sındırıb onun tərs tərəflərini  təqdim etmək. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanına münasibətdə Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri buna yaxındır. Mənim “Koroğlu” silsiləmdə dastanda mənfi qəhrəman olan Həmzə obrazı artıq müsbət qəhrəmandır. Yəni bu, tarixə alternativ münasibətdir. Yazılmışı kor-koranə qəbul etməklə yox, sanki onun əks versiyasını irəli qoymaqla adamları düşünməyə vadar etmək ki, heç də hər şey birmənalı deyil”. 

“Müxtəlif yanaşma olanda standart obrazlara müxtəlif münasibət ola bilər” deyir yazıçı:

“Yəni bu baxımdan arxetiplərə iki cür münasibət var. Bir var obrazı sadəcə müasirləşdirərək olduğu kimi təqdim etmək, bir də var həmin o obrazı tam çevirib sırf əks mənaya – tərsinə təqdim etmək. Bu ikincisi daha çox postmodern yanaşmadır ki, buna dekonstruksiya deyirlər. Birincisi isə interpretasiyadır. Tutalım ki, hər hansı bir tarixi obraz var və hansısa tarixi şəraitdə onu dağıtmaq istəyirsən. Yəni həmin o mifi dağıtmaq istəyirsən. Məsələn, əsərdə tarixi obraz müsbət qəhrəman kimi verilib. Amma sən düşünürsən ki, bu obrazın müsbət olması indiki dövr üçün müəyyən fəsadlar yaradır. Ona görə də o müsbəti mənfi kimi göstərirsən və yaxud da tərsinə. Tarixən mənfi yaradılan qəhrəman, baxırsan ki, indiki prizmadan yanaşılanda mənfi yox, müsbətdir. Ona görə də təzə obraz yaratmaqdansa, köhnəni götürüb ona alternativ olanını yaratmaq istəyirsən. Bunun özü də elə müasir dövrə uyğun stereotipləri qırmaqdır”.

İlqar bəy söhbətimizin davamında deyir ki, bu cür obrazlar üzərində yenidən işləmək, onlara yeni nəfəs vermək, onu başqa tərəfdən görə bilmək və göstərə bilmək də çox maraqlıdır: “Sovet dövründə yazılan bir çox əsərlərdə ruhani obrazları və onlara qarşı mübarizə aparan maarifçi obrazları var. Mən bunlara çox diqqət etmişdim və buna görə “Müsibəti Fəxrəddin”i yazmaq qərarına gəldim. Bu əsərdə həmin maarifçiləri tənqid etdim. Niyə? Ona görə ki, mənim düşüncəmdə o maarifçilər xalqın beynini bizə tam zidd olan fikirlərlə doldururdular. Halbuki, sovet dövründə onları müsbət qəhrəman kimi qələmə verirdilər. Amma mən, tutalım ki, sıfırdan bir əsər yazsaydım, həmin o stereotipi dağıda bilməyəcəkdim. Yəni mövcud stereotipi dağıtmaq üçün artıq olanına alternativ göstərməlisən, yazmalısan ki, oxucu bunu daha aydın görə bilsin. Ziyanlı hesab etdiyin bir obrazı dağıtmaq üçün mütləq həmin obraza yenidən müraciət etməlisən”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir