“Nə hiss etdiklərini anlamaq üçün 11 saat yağışın altında oturdum” – Firəngiz Mütəllimova ilə MÜSAHİBƏ

Mədəniyyət

“Sovet dövründə çəkilən filmlərin mövzuları da tam başqa idi. Heç bir film, aktyor heyəti bir-birinə bənzəmirdi”.

Bunu Oxu.Az-a kinomuzun bu günü ilə bağlı söhbətimiz zamanı Xalq artisti Firəngiz Mütəllimova deyib.

Müsahibəni təqdim edirik:

– Bu gün Azərbaycan kinosunun yaranmasının 124-cü ildönümüdür. Azərbaycan kinosunun bugünkü səviyyəsi sizi qane edirmi?

– Kinonun səviyyəsi bu gün məni qane etmir. Yalan danışa bilmərəm. Ona görə də səmimi olacam. Son vaxtlar, demək olar ki, filmlərimizin əksəriyyətini izləmirəm. Əslinə qalsa, son çəkilən filmləri izləmək istəyirəm, lakin görəndə ki eyni aktyor heyəti, təkrar mövzudur, o zaman kanalı dəyişirəm. Çünki belə olanda artıq filmi izləməyə ehtiyac yoxdur – baxan kimi nə olacağı təsəvvürümdə canlanır.

– Sovet dönəmində çəkilən filmlərimiz günü bu gün də maraqla izlənilir. Niyə o cür filmləri ərsəyə gətirə bilmirik?

– Sovet dövründə çəkilən filmlərin mövzuları tam başqa idi. Heç bir film və ya aktyorlar bir-birlərinə bənzəmirdilər. Aktyor heyəti gözəl seçilirdi. Ona görə fərqli olurdu. Həmin filmlərdə sənət adamlarının, demək olar ki, hamısı buket formasında orada iştirak ediblər. Bu səbəbdən də keçmiş filmlərimizə üstünlük verirəm.

– Onlardan daha çox hansılarını izləyirsiniz?

– Elə olur ki, bir filmə təkrar-təkrar baxıram və bundan həzz alıram. Daha çox “Dəli Kür”, “Böyük Dayaq”, “Ögey Ana” və “Bəyin oğurlanması”nı izləyirəm. Adını sadalamadıqlarım da var.

– Firəngiz xanım, dünya səviyyəsində film çəkmək üçün nə etmək lazımdır?

– İlk növbədə filmlərin səviyyəsini geri qaytarmaq lazımdır. Bunun üçün istedadlı rejissora, aktyor heyətinə və ssenaristə ehtiyac var. O zaman film də alınacaq.

– Bu günə qədər yaddaqalan rollarınız çox olub. Son dəfə hansı filmdə çəkilmisiniz?

– Son “Qala” filmində çəkilmişəm. Tərəf-müqabilim də Rasim Balayev idi. O film qaçqınların həyatından bəhs edirdi. Onların necə yurdlarını tərk etdiyindən danışılırdı. Həmin anları, o vaxt Şuşada yaşamasam da, onu filmdə yaşayıb, canlandırdım. On bir saat yağış altında oturdum. İnsanların yaşadıqları anı yaşamaq üçün bunu etdim. Hər kəs buna təəccüblə yanaşdı.

– Sizcə, hansı tip filmlərə daha çox üstünlük verilməlidir?

– Qələbə ruhlu qəhrəmanlıq filmləri daha çox ərsəyə gətirilməlidir. Filmlərdə canlılıq əsas şərtlərdəndir. Aktyor yaratdığı obrazı yaşamalıdır. Bu tip filmlər olsa, festivallarda iştirak edib, yer də tuta bilərik. Azərbaycanda çox güclü aktyor heyəti var. Bünövrəmiz güclüdür.

Qoy filmlər çəkilsin. On filimdən hər halda ikisi yaxşı olar. Yüngül bir rəqabət də gedir. Nə qədər çox çəksələr, o qədər yaxşıdır. Bir gün filmlərimizin yenidən dünyada tanınacağına inanıram. Mən inanırdım ki, Qarabağımız azad olacaq, oldu. Buna da inanıram. İnşallah, bir gün bizim filmlərimiz də dünyaya səs salacaq. Hər şey pillə-pillə olur.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir