“Kor Əhəd” ləqəbi ilə tanınan Əhəd Əliyev haqqında maraqlı faktlar məlum olub.
Kulis.az-ın Ə.Əliyevlə bağlı araşdırmasını təqdim edirik:
Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda dünyaya gəlib. O, iki yaşına çatanda keçirdiyi xəstəlikdən görmə qabiliyyətini itirir və sonra tamamilə kor olur. Anası Əhədi ovundurmaq üçün Moltanı bazarından ona 12 dilli qarmon alır. Qarmon onun üçün bir təsəlli olur. O, qarmonda ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Qarmonda özü üçün müxtəlif mahnılar ifa edən, başını qarışdıran Əhədin sonralar “Kor Əhəd” ləqəbi ilə güclü qarmon ifaçısına çevriləcəyini isə heç kim düşünməmişdi.
Əhədin fitri istedadı və güclü iradəsi olub. Beş-altı yaşında artıq o, qarmonda çalmağı öyrənib. Onun bu bacarığını görən atası Əhədi özü ilə toylara aparmağa başlayır. Əhəd Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Seyid Mirbabayev kimi xanəndələrə qulaq asır, onların boğazlarında vurduğu zəngulələri qarmonun dilinə köçürməyə çalışır.
20 yaşı olanda ona 14 dilli qarmon alırlar. Əhəd əvvəl qadın toylarına gedir, qadın dəf çalanlar onu müşayiət edirlər. Sonra yavaş-yavaş musiqiçi kimi yetişməyə başlayır və kişi toylarına da getməyə başlayır. Lakin bir az da məşhurlaşandan sonra Əhəd hiss edir ki, qarmonda musiqini tam dolğunluğu ilə çalmaq üçün nəsə çatmır. Digər tərəfdən, onun musiqi təhsili yox idi.
O vaxt Azərbaycanda qarmona texniki cəhətdən düzəliş edən, Bakıda yaşayan malakan əsilli Arxip Karpuşkin adlı biri var idi. Əhəd Əliyevin təklifi ilə Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparıb və ilk dəfə qarmona yarımtonlar əlavə olunub, bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olub.
Beləliklə qarmonun milliləşdirilməsinin ilk təşəbbüskarı Kor Əhəd olub. Bundan sonra xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Zakir Mirzəyev qarmon haqqında ilk dəfə elmi əsər yazıb. Burada qarmonun tarixini, yaranmasını, Azərbaycana gəlməsini, musiqi alətinin mənşəyini ilk dəfə o izah edib. Həmçinin Z.Mirzəyev əsərində qarmona yarımtonların əlavə edilməsinin Kor Əhədə məxsus olduğunu da qeyd edib.
Getdikcə məşhurlaşan Əhəd “Kor Əhəd” təxəllüsünü qazanır. O, nəinki qarmonda, həmçinin tar, saz, tütək və pianoda çalmağı da öyrənir.
İfaçının qızı Leyla xanım xatirələrində yazıb:
“Bir gün Teyyub (Əhədin şagirdi) bizə gəlib atama dedi ki, “ustad, Üzeyir bəy sizi evinə dəvət edir”. Axşam atamın qolundan tutub Üzeyir bəygilə apardım. Üzeyir bəy bizi çox mehriban qəbul etdi. Süfrəyə çay gəldi. Üzeyir bəy bir qurtum çay içib sağ əli ilə bığını tumarlayaraq atama dedi:
– Oğlan, dünən radioda “Tərəkəmə” çalırdın, çox xoşuma gəldin. Sənin “Tərəkəmə”n başqalarına bənzəmir. Ona görə də belə qərara gəldim ki, səni Opera Teatrına dəvət edim. Hə, qoçaq, razısanmı?
Atam bir qədər tərəddüddən sonra Üzeyir bəyə dedi:
– Ay Üzeyir bəy, mən qarmon ilə operada nə edəcəyəm?
Üzeyir bəy də bığını tumarlayaraq cavab verdi:
– Heç nə, “Arşın mal alan”ın axırıncı toy pərdəsində oyun havalarını, daha doğrusu, “Tərəkəmə”ni çalarsan. Bir bunun xətrinə səni oraya dəvət edirəm.
Sonra Üzeyir bəy ayağa qalxıb, sağ əlini atamın çiyninə qoyaraq dedi:
– Hə, qoçaq, razısanmı?
Atam da zarafatla cavab verdi:
– Neyləyək, bəyin sözündən çıxmaq olmaz”.
Əhəd Əliyev ailəli olub. Onun beş övladı dünyaya gəlib. Suğra, Leyla, Kərim, Ənvər və Azər. Böyük qızı Leyla xanım 1921-ci ildə anadan olub. Ali təhsilli mühəndis idi. Uzun illər dövlət orqanlarında işləyib və axırıncı iş yeri Dövlət Dəmiryolu İdarəsi olub. O, fəxri dəmiryolçu idi. Sənətkarın böyük oğlu Kərim İkinci Dünya müharibəsində iştirak edib, ancaq geri qayıtmayıb, itkin düşüb.
Əhəd Əliyevin ilk nəticəsi, Leyla xanımın qızı Sevinc Sultanzadə ailədə yeganə musiqiçidir. O, eyni zamanda, musiqi tədqiqatı ilə məşğul olur. ABŞ-ın Virciniya ştatında Riçmond Universitetində bakalavr təhsili alıb və vokal şöbəsini bitirib. Hələ universitetdə oxuyarkən bir qrup tələbə ilə Fransa, İtaliya və Almaniyada dünya şöhrətli bəstəkarların əsərlərini ifa etmişəm. O, həmçinin babasının irsinin araşdırmaçısı hesab olunur.
Leyla xanım digər xatirəsində belə nəql edir:
“Atam bir dəfə ona çay süzəndə dedi ki, “mən sənə baxanda xəcalət çəkirəm”. Səbəbini soruşdum, belə dedi: “Sən dünyaya gələndə mən bir ay ananla danışmadım. Görmədiyim üçün istəyirdim, oğlum olsun və əlimdən tutub məni gəzdirsin. Sən ki əlimdən tutub məni neçə illərdir gəzdirirsən, mənə həm də oğul kimisən. Buna görə az qala, səndən üzr istəyəm”.
Onun ilk tələbələrindən biri Teyyub Dəmirov olub. O, Kor Əhədin yanında altı il dəf çalıb. Gözəl müəllim-şagird münasibətləri olub. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə Məmmədağa Ağayev və Hacıbala Dadaşov (Kor Hacıbala), Salyanlı Rza da onun tələbəsi olublar. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar.
Teyyub Dəmirov öz xatirələrində deyir:
“Mən fəxr edirəm ki, hələ kiçik yaşlarımdan böyük ustadım Kor Əhədin yanında dəf çalmışam. Biz harada olmuşuqsa – məclisdə, toyda, həmişə Əhədin barmaqlarını izləmişəm. Onun qarmonunu götürüb çalardım. Beləliklə, get-gedə bu yolla Əhədin dincəlməyindən və bir yerə getməyindən istifadə edib qarmon çalmağı öyrəndim. Məni bu yola təhrik edən yalnız müəllimim Əhədin böyük sənəti və qayğısı olub”.
Kor Əhədi məşhurlaşdıran şəxslərlə bağlı da müəmma var. Kimisi Cabbar Qaryağdıoğlu, kimisi Müslüm Maqomayev, kimisi də Üzeyir Hacıbəylinin adını çəkir. Əslində, Kor Əhədi məşhurlaşdıran, onu kəşf edən Müslüm Maqomayev olub. O vaxt insanlar toydan-toya tanınırdılar. Kor musiqiçi də o qədər çox deyildi. Qadınlar da toylara getməzdən qabaq qarmonçalanın kim olacağını soruşurdular. Elə musiqi var ki, çalınanda adam oynamaq istəməz, amma elə musiqi də var, çalınanda adam yerində dura bilməz. Əhədin ifaları ikinci kateqoriyaya aid idi. Azərbaycan radiosu da yeni açılmışdı.
1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti – qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb edib. Böyük bəstəkar “Arşın mal alan” operettasındakı toy səhnəsində “Tərəkəmə” rəqsini çalması üçün Əhəd Əliyevi solist kimi operaya qəbul edib, ona xüsusi qayğı və diqqət göstərib. Və Üzeyir bəyin təklifi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünə gedən nümayəndə heyətinin tərkibinə Əhəd Əliyev də daxil edilib. Qeyd etmək lazımdır ki, “Şah İsmayıl” operası üzərində işləyərkən Müslüm Maqomayev Şah İsmayılla Gülzarın ilk dəfə görüşdüyü səhnədə onların “Segah” muğamı üstündəki ifalarını nota alarkən Əhəd Əliyevin qarmonda “Segah” ifasında işlətdiyi xırdalıqlardan istifadə edib.
Onun iki əsəri günümüzə gəlib çıxıb. Sazda ifa etdiyi “Cahargah” və qarmonda ifa etdiyi “Segah” bizə yadigar qalıb. Amma araşdırmalarımızdan sonra məlum oldu ki, Əhəd Əliyevin bir valı da var. Düzdür, musiqi aləmində onun bir valı olduğu bilinirdi.
1938-ci ildə, hələ özünün sağlığında Kor Əhədin bir valı buraxılıb. Valın bir tərəfi “Segah”dır, bir tərəfi “Bənövşə xalq rəqsi”dir, onu başqa adamlar çalıblar. İkinci valı Lənkəranın Cil kəndində tapılıb. Valı həmin kəndin sakini, Lənkəran Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Əli Əkbərov öz evində neçə illərdir ki, qoruyub-saxlayıb. Kor Əhədin sonuncu çaldığı muğam “Bayatı-Qacar” olub.
Qızı Leyla xanım atasının son günləri barədə yazır:
“1942-ci ildə atam Lənkərana qastrola getmişdi. Orada necə oldusa, xəstələndi. Sonra atamı Bakıya gətirdik. Burada bir müddət yataqda yatandan sonra vəziyyəti getdikcə ağırlaşdı. Hərarəti 39-40 dərəcədən aşağı düşmürdü. Günlərin bir günü dəf çalan Xalıq dayı bizə gəldi, amma içəri girmədi. Mənə: “Qızım, Leyla, get atana de ki, mənim üçün bir “Bayatı-Qacar” çalsın, sonra içəri girim”, – dedi. Mən duruxdum, amma Xalıq dayı narahat olmamağımı bildirdi. Atam “Bayatı-Qacar”ı çalmağa başladı və muğamın zəminxarə hissəsinə çatanda Xalıq dayının gözlərindən yaş axdı. Bundan sonra Xalıq dayı içəri girdi və atamla görüşdülər. Fevralın 17-də isə atam vəfat etdi”.
2018-ci il fevralın 15-də Beynəlxalq Muğam Mərkəzində Kor Əhədin 125 illik yubiley gecəsi keçirilib. Gecədə Xalq artistləri Möhlət Müslümov, Mələkxanım Eyyubova, Aftandil İsrafilov, Ənvər Sadıqov və digər sənət adamları iştirak ediblər.
www.RIA24.az